Gömrük rüsumlarının azaldılması nəyə gətirib çıxara bilər? - ANALİZ

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, bəzi mal və məhsulların idxalı və ya ixracı üçün gömrük rüsumlarının ciddi məbləğdə azaldıması haqda hökumətdə müzakirələr gedir. Bu baş versə, ölkədə ucuzlaşma yaranacaq, inflyasiyanı tempi enəcək, iqtisadi aktivlik artacaq ki, bu da öz növbəsində əhalinin sosial vəziyyətinə müsbət göstərəcək.

Əlbəttə, bəzi məhsulların idxalında məhdudiyyətlərin qoyulması, yüksək gömrük rüsumları təyin edilməsi təqdirəlayiqdir. Bu yalnız o sahələrdə olmalıdır ki, həmin sahədə böyük yerli istehsal var və hənmin istehsal ölkənin tələbatını tam və ya böyük hissəsini ödəyə bilər. O halda, xaricdən həmin məhsulların ucuz idxalı yolverilməzdir, çünki yerli istehsala zərər vura bilər.
Əgər yerli istehsalı qorumaq istəyiriksə, protektionist siyasət aparılmalıdır. Ölkədə istehsalı olan məhsullarda rüsumları qaldırmaq olar, istehsalı olmayan və ya çox az olan məhsullarda isə nəinki qaldırmaq, əksinə, rüsumu endirmək lazımdır. Qızıl, avtomobil, bahalı brend mallar və əyləncə vasitələri üzrə gömrük rüsumlar artırıla bilər.

Dövlət büdcəsini əsasən, istehsaldan gələn gəlirlə doldurmağa çalışmaq lazımdır. Kölgə iqtisadiyyatı ləğv edilməli, monopoliya halları aradan qaldırılmalı, vergidən yayınmanın qarşısını alınmalıdır. Sevindirici haldır ki, son illərdə bu istiqamətlərdə ciddi islahatlar həyata keçirlir.

Gömrük Komitəsinin ödəniş planını kəskin artırmaq çıxış yolu deyil. Çıxış yolu ölkədə xammalı olan məhsullar üzrə sənayenin təşkil edilməsidir. Əsasən də, aqrar sənaye və yüngül sənaye sahələri üzrə.

Fikrimizcə, vergilər üzrə bəzi tədbirlər həyata keçirilməlidir. Məsələn, sadələşmiş vergi üzrə maksimum limit 200 min manatdan 400 (yaxşı olardı ki 500) min manata qaldırılmalıdır. Çünki, bir neçə il əvvələ nisbətdə manat 2 dəfədən çox ucuzlaşıb. Məntiqlə o vaxt 200 min manatın əvəzinə indi 400 min manatı nəzərdə tutmalıyıq.

Bundan başqa, Bakı və regionlar arasındakı vergi dərəcəsi fərqi bərpa olunmalıdır. Zərdabın ucqar kəndindəki obyektlə Bakının mərkəzindəki obyektin eyni vergi faizləri ödəməsi məntiqli və ədalətli deyil. Regionlarda (Gəncə və Sumqayıt istisna) 5 il müddətinə sadələşmiş vergi dərəcəsi 1 faizə salınmalıdır. Ərzaq istehsalı üzrə azı 1 il müddətinə bütün vergilərdən azad olunma tətbiq edilməlidir.

Özünüməşğulluq proqramının miqyası və buna ayrılan maliyyə vəsaiti azı 10 dəfə artırılmalıdır. Şərtləri daha da sadələşdirilməlidir. Fəaliyyət sahələri artırılmalıdır. Proqram daha çox regionlarda tətbiq olunmalıdır.

Özümüzdə xammalı olan məhsulları xaricdən idxal etmək müsbət hal deyil. O malları ölkədə istehsal etməyə çalışmaq lazımdır. Bunun üçün dövlət istehsal avadanlıqlarının gətirilməsi üçün maksimum güzəştlər tətbiq etməli, bir çox halda bunu özü etməlidir. Bu halda idxaldan asılılıq azalacaq, yerli istehsal artacaq, ixrac artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq, işsizlik tam aradan qalxacaq. İqtisadi təhlükəsizlik, sosial rifahın və siyasi nüfuzun artmasını təmin edəcək.

Bunu etmək üçün bütün imkanlar var. İşçi qüvvəsi, xammal, hazır bazarlar, nəqliyyat logistika infrasturukturu və nəhayət investisiya üçün lazım olan maliyyə bazası. 50 milyardlıq valyuta rezervlərindən biir neçə milyardını ölkə iqtisadiyatına invest etməklə bunu təmin etmək olar. Xüsusən, neftin ucuzlaşması fonunda bunu etmək məcburi xarakter alır.
Şimal, cənub və qərb sərhədlərinə yaxın ərazidə quru yolu ilə, şərqdə isə Xəzər dənizi sahilində liman vasitəsilə azad iqtisadi zonalar yaradılmalıdır. Bununla bağlı xüsusi strateji inkişaf dövlət proqramı qəbul olunmalıdır. Hesab edirəm ki, maksimum 5 ilə bu proqramı başa çatdırmaq mümkündür.
Hesab edirik ki, gömrük siyasətinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir. Konkret olaraq, qeyd etdiyimiz kimi, yanaşma belə olmalıdır- ölkədə istehsal olmayan və ya çox az olan məhsullara gömrük rüsumu xeyli azaldılmalı, yerli istehsal həcmi yüksək olan məhsullara isə artırılmalıdır. İxracda isə əksinə yanaşılmalıdır. Bu halda həm qiymətlər optimal olacaq, həm də yerli istehsal stimullaşacaq.
Nəticədə, həm dövlət qazanacaq, həm də əhali.

Elşin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...