Abid Şərifov: "Vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar"

Abid Şərifov: "Vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar"

"Normadan artıq yük daşıyan avtomobillərin sahiblərinə və yük sahiblərinə qəti xəbərdarlıq edilib". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, həddən artıq yüklənmə yolların tez sıradan çıxmasına səbəb olur: "Qanunlara əməl etməyən daş karxanalarının işıqları kəsiləcək. Bundan sonra heç kəsə güzəşt olunmayacaq. Biz bilirik ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Lakin onlara, vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar".

 

2010-11-ci illərdə ölkədə 6 körpünün dağıldığını deyən baş nazirin müavini bildirib ki, bu körpülərin yenidən bərpasına 3-4 milyon manat vəsait ayrılıb. Abid Şərifov həmçinin qeyd edib ki, İranadan gələn 2-3 maşınlıq yükün hamısı bir maşına yığılıb gömrükdən keçirilir.

 

Qeyd edək ki, bu gün Azərbaycan Nəqliyyat Nazirliyində İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlı toplantı keçirilib. Tədbirdə baş nazirin müavini Abid Şərifov, daxili işlər nazirinin müavini Oruc Zalov, nəqliyyat naziri Ziya Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov iştirak ediblər. Nəqliyyat naziri Z.Məmmədov isə çıxışında bildirib ki, nazirlik iri yük maşınlarının yalnız gecələr yola çıxması üçün gecə karvanlarının formalaşdırılmasına başlayıb. Nazir daş karxanalarının sahiblərinə müraciət edərək, onları qaydalara əməl etməyə çağırıb.

 

"Azəryolservis" ASC-nin sədri C.Qurbanov yolların qorunması üçün qanunların sərtləşdirilməsini təklif edib. Onun sözlərinə görə, Azərbaycan isti ölkə olması yolların tez sıradan çıxmasına səbəb olur: "Normalara əməl olunmasa, yollar yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Hər şeyi yolların keyfiyyətsiz tikilməsi ilə əlaqələndirmək lazım deyil. Çünki bütün yol tikintiləri xarici mütəxəssislərin nəzarəti altında aparılır. Gürcüstanda normadan artıq yük aparan maşın hər 1 kq-a görə 1 lari cərimə olunur. Almaniyada isə cərimə bir neçə min dollar olur".

Bütün xəbərlər Facebook səhifəmizdə