SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sabahdan, yəni iyul ayının 17-dən Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlini bərpa edəcək. Bunu açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov qeyd edib ki, bu ilin sonuna qədər bu kəmərlə 585 min ton neftin nəql edilməsi planlaşdırılır. O xatırladıb ki, ötən il ərzində bu kəmərlə ümumilikdə 824 min ton Azərbaycan nefti Şimal istiqamətində göndərilib.

Qeyd edək ki, Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli texniki səbəblərdən yanvar ayında dayandırılmışdı.

Bu kəmər xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə