Nəqliyyat dəhlizləri ölkələrarası münasibətlərin möhkəmlənməsinə xidmət edir - ŞƏRH ÖZƏL

"İyulun 2-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin təşəbbüsü ilə 3 tərəfli videogörüş keçirilib. Bu görüşdə prezident İlham Əliyev, Türkmənistan prezindenti cənab Qurbanqulu Berdiməhəmmədov və Əfqanıstan prezidenti iştirak edib. Videogörüşdə bu gün region üçün aktual məsələlər müzakirə olunub və bu məsələlər ölkələrimizin arasındakı münasibətlərin daha da strateji əməkdaşlığının yüksək səviyyədə olduğunun göstəricisidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ilk növbədə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və təşəbbüsümüzlə Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi: "Bu zirvə toplantısında Azərbaycanın təşəbbüsünü Qoşulmama Hərəkatına üzv dövlətlərin hər biri dəstəkləyib. Bu təşəbbüs BMT-nın baş katibinə ünvanlanmış müraciət idi və o müraciəti də həm Türkmənistan, həm də Əfqanıstan dəstəkləyib. Bu bir daha onu göstərir ki, beynəlxalq arenada Türkmənistan, Azərbaycan və Əfqanıstan bir-birlərini dəstəkləyən ölkələrdir. Təhlükəsizlik sahəsində isə Azərbaycan NATO-nun sülhməramlı qoşunları tərkibində Əfqanıstana öz əsgərlərini göndərir və orada sülhün təminatında yaxından iştirak edir. Bu Azərbaycanın beynəlxalq səviyyədə sülhün yaradılmasına töhfəsi kimi qeyd edilə bilər. İqtisadi sahədə isə Azərbaycanın təşəbbüsü ilə icra olunmuş beynəlxalq nəqliyyat dəhlizləri bu gün region üçün vacib layihələrə çevrilib. Artıq istifadəyə verilmiş qərb-şərq dəhlizi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş Bakı-Tibilisi-Qars layihəsi, Ələtdə tikilmiş beynəlxalq ticarət limanı bu imkanları daha da genişləndirib. Artıq yüklər Asiyadan Avropaya qədər Azərbaycan üzərindən daşınmağa başlanıb".

A.Badamov vurğulayıb ki, təkcə 2018-ci ildə bu istiqamətdə 8,7 milyon ton yük daşınıb: "Bu onu deməyə imkan verir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş beynəlxalq nəqliyyat dəhlizləri regiona böyük töhfə verir. Perspektivdə isə bu dəhlizlərin əhəmiyyəti daha da böyükdür. Məsələn Ələt beynəlxalq ticarət limanı bu günə 15 milyon ton yük və 100 min konteynerin daşınmasına hesablanıbsa, bu nəqliyyat dəhlizlərinin tam işlənməsindən sonra Ələt limanının yükdaşıma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə bərabər olacaqdır. Bununla da bu nəqliyyat dəhlizinə maraq daha da çoxalacaqdır. Artıq qərb-şərq nəqliyyat dəhlizi Əfqanıstanın Lapis Lazuli limani ilə birləşdirilib və bu istiqamətdə yüklərin daşınması ilbəil artmaqdadır. Bütün bu işlərin mərkəzində Azərbaycan dayanır. Azərbaycanın verdiyi iqtisadi töhfələr region ölkələrin iqtisadi gəlirlərin artmasına xidmət edir. Dünyanın iqtisadi böhranla üzləşdiyi bir zamanda ölkə başçımızın rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi siyasəti bu gün də öz töhfəsini verir. Hazırda Azərbaycan üzərindən daşınan yüklərin artması və icra olunmuş nəqliyyat dəhlizləri alternativ gəlir mənbələri olaraq Azərbaycana geri qayıdacaq. Nəqliyyat dəhlizləri həm ölkələrarası münasibətlərin möhkəmlənməsinə, həm də iqtisadi persperktivlərin genişləndirilməsinə xidmət edir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə