“Kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan hökuməti tərəfindən hazırlanan iqtisadi paket sahibkarlara həm də kreditlər sahəsində dəstəyin nümayiş etdirilməsini nəzərdə tutur. Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, sahibkarlara dəstək bu istiqamətdə iki formada həyata keçiriləcək.
"Təsdiq olunmuş paketə əsasən martın 10-na qədər pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarların aldıqları kreditlərə 10 faiz subsidiya tətbiq olunacaq və bu da da o deməkdir ki, real sektorda orta kredit faizinin 12 faiz olmasını, bəzi hallarda 14 faizə qədər yüksəldiyini nəzərə aldıqda, nəticədə həmin alınan kreditin əgər 14 faizlə alınıbsa, onun 10 faizini dövlət subsidiya edəcək, cəmi 4 faizini sahibkar qaytaracaq. Yaxud, 12 faizlə kredit alınıbsa, onun 10 faizini dövlət subsidiya edir, cəmi 2 faizi sahibkar tərəfindən ödənilir. Nəticədə bu, sahibkarın kredit xərclərinin azalmasına gətirib çıxaracaq.
Söhbət 1 milyard manatlıq kreditə 10 faizlik subsidiyanın verilməsindən gedir. Bu istiqamətdə 100 milyon manatlıq vəsait ayrılacaq və nəticə etibarı ilə bu imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini pandemiya dövründə yerinə yetirməkdə sözsüz ki, çətinliklərlə rastlaşmasınlar. Nəzərə alsaq ki, sahibkarlara bu istiqamətdə həm də vergi güzəştləri də tətbiq olunur artıq və bu da birbaşa sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən sahibkarlara yarım milyard manatlıq güzəştli kredit təklif olunur. Bu kreditlərin 60 faizinə dövlət zəmanət verəcək və nəticə etibarı ilə bu imkan vercək ki, xüsusən də pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da nəticə etibarı ilə onların öz fəaliyyətlərini, xüsusən də pandemiya dövründə öz fəaliyyətlərini genişləndirməsi deməkdir. Bu baxımdan iki formada tətbiq edilən kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır, onların kredit resurslarına çıxış imkanlarına, kredit xərclərinin azalmasına xidmət edir. Bütün bunlar nəticə etibarı ilə, ondan xəbər verir ki, pandemiya dövründə sahibkarlara birbaşa dövlət maliyyəsi ilə yanaşı, eyni zamanda təşviqedici, o cümlədən onların xərclərinin azaldılması və kredit resurlarına çıxış imkanlarının artırılmasını özündə əks etdirən paket də icra olunur. Bu da təbii ki, sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verir", deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB