"Bu kimi şirkətlərlə əməkdaşlıq yeni dövrdə öz töhfəsini verəcək" ÖZƏL - AÇIQLAMA

"XXI əsrin texnologiya əsri olması və eyni zamanda növbəti dövrdə də yüksək texnologiya imkanları təqdim edən şirkətlərin Azərbaycanla əməkdaşlığı təbii ki, ölkəmizin inkişafında böyük bir təkan olacaq". Bu sözləri SİA-ya açıqlamasında Gəclər və idman komitəsinin üzvü olan deputat Cavid Osmanov Azərbaycanla yüksək texnologiyaların təminatını təşkil edən şirkətlər arasındakı əməkdaşlığın növbəti dövrlərdə daha da artacağından danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya dövrünün əsas tələblərindən biri olan texnologiya vasitələrindən geniş istifadə edilməsinin tətbiqi post-pandemiya dövrünü də əhatə edəcək: "Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin iştirakı ilə CISCO şirkətinin rəhbəri ilə video formatlı konfrans təşkil edildi. Bu konfransda Prezident İlham Əliyev CISCO şirkəti ilə əməkdaşlığından geniş söhbət açmış və şirkətin rəhbərliyi də ölkə başçısına öz təşəkkürünü bildirmişdir. Məhz, şirkətin təşəbbüsü ilə Prezident İlham Əliyev videokonfransa qoşulmuş və CISCO şirkətinin tətbiq etdiyi texnologiya üzərindən həyata keçirilmiş videokonfransa görə də təşəkkürünü bildirmişdir. Azərbaycan dövləti ilə CISCO şirkəti arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olmuşdur. Bunu, elə şirkətin rəhbəri də vurğulamışdır. Bu, ölkədə yüksək texnologiyaların tətbiqindən xəbər verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bir neçə beynəlxalq videokonfrans, həmçinin daxili məsələlərin müzakirəsi və müşavirələr, məhz, CISCO şirkətinin texnologiyası üzərindən həyata keçirilmişdir".

Millət vəkili vurğulayıb ki, gələcəkdə də ölkə ərazisində və bundan sonrakı dövr ərzində də təbii ki, yüksək texnologiyalardan daha çox istifadə olunması müşahidə ediləcək: "Pandemiya dövrünün gətirdiyi yeniliklərdən biri də məhz, post-pandemiya dövründə də yüksək texnologiyalardan daha çox istifadə olunması və CISCO kimi şirkətlərlə olan əməkdaşlığımızın daha da artmasına səbəb olacaq. XXI əsrin texnologiya əsri olması və eyni zamanda növbəti dövrdə də yüksək texnologiya imkanları təqdim edən şirkətlərin Azərbaycanla əməkdaşlığı təbii ki, ölkəmizin inkişafında böyük bir təkan olacaq. Eyni zamanda ölkəmizin inkişafının sürətləndirilməsinə xidmət edəcək. Bu kimi şirkətlərlə əməkdaşlıq yeni dövrdə öz töhfəsini verəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə