"Vergi güzəştlərinin sahibkarlara çox böyük faydası olacaq" ÖZƏL - AÇIQLAMA

"Vergi güzəştlərinin sahibkarlara çox böyük faydası olacaq" ÖZƏL - AÇIQLAMA

"Vergi güzəştlərinin verilməsində mənfəət vergisindən 75 faiz güzəşt nəzərdə tutulub. Bu böyük bir güzəştdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli ölkədə pandemiyadan zərər görmüş fəaliyyət sahələrinə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, vergi güzəştlərinin edilməsi sahibkarlara çox böyük faydası olacaq, hətta, bəzi vergilərdən sahibkarların yanvar ayının 1-nə qədər ümumiyyətlə azad olunması nəzərdə tutulub:

"Karantin dövründən sonra da qapalı olan sahələrin, hansılar ki, vergi güzəştləri ən çox bu sahələr üçün nəzərdə tutulub, bura turizm, ictimai iaşə, nəqliyyat sərnişin daşınması, rayonlararası və ölkələrarası sərnişin daşınması ilə məşğul olan firmalara əsasən güzəştlər tətbiq olunur. Onların işlərinin post-karantin dövründə belə əvvəlki vəziyyətə qaytarılması mümkündür. Hətta mən düşünürəm ki, karantindən çıxış da addım-addım, mərhələ-mərhələ olacaq. Ola bilər ki, ictimai iaşə obyektlərinin işləməyə başlaması bir neçə həftə uzadılsın və onların işə başlaması yay aylarına təsadüf etsin.

Vergi güzəştlərinin verilməsində isə mənfəət vergisindən 75 faiz güzəşt nəzərdə tutulub. Bu böyük bir güzəştdir. Təbii ki, mənfəət gərək olsun ki, oradan vergi də götürülsün. Çünki, bəzi şirkətlərin mənfəəti ümumiyyətlə olmayacaq. Kiçik və orta sahibkarlıq strukturları bu ili ziyanla başa vuracaq. Bu zaman onların mənfəətləri də olmayacaq. Mənfəəti olmayan şirkətləri mənfəət vergisindən də azad etmək olardı".

Ekspertin sözlərinə görə, onların başqa problemləri də mövcüddur və bu problemlərdən ən böyüyü icarə məsələsidir ki, bununla bağlı hələ ki, bir qərar yoxdur, çünki həmin ictimai iaşə obyektlərinin turizm obyektlərinin bir çoxu icarədədir: "İcarə haqqı ilə bağlı məsələ isə hələ ki, həll olunmayıb. Ona görə də düşünürəm ki, daha böyük dəstək proqramına gələcəkdə ehtiyac yaranacaq. O cümlədən kredit faizləri ilə də bağlı əhatəli bir proqrama etiyac duyulacaq. Bu ən çox müzakirə olunan məsələlərdən biri olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə