Qeyri-neft məhsullarımız hansı Avropa ölkələrinə ixrac edilir? AÇIQLAMA

"Azərbaycanın qeyri-neft məhsullarını ixrac etdiyi ölkələr arasında Rusiya, Türkiyə və İsveçrə ilə yanaşı ilk beşliyə Gürcüstan və Ukrayna da daxildir. Bu isə onu göstərir ki, Azərbaycan ənənəvi bazarlarla yanaşı yeni bazarlara da öz məhsullarını ixrac edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanın qeyri-neft məhsullarının hansı Avropa ölkələrinə ixrac olunduğu haqda danışarkən deyib.

İqtisadçı bildirib ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft sektorunun ixracatının statistikasında artımlar olub: "2019-cu ilin yekunlarına əsasən Azərbaycanda qeyri-neft məhsullarının ixracatı 2 milyard dollardan artıb olub. Bu o deməkdir ki, 2015-ci ildən etibarən neqri-neft məhsullarının ixracatındakı artım tempi qorunub saxlanılıb. 2019-cu ildə qeyri-neft məhsullarının ixracatında artım tempi ikirəqəmli olub. Nəticə olaraq, aparılan iqtisadi islahatlar praktik olaraq öz nəticəsini verib.

2019-cu ildə Azərbaycan yalnız ərəb ölkələrinə deyil, eyni zamanda Avropa ölkələrinə də qeyri-neft məhsulları ixrac edib. Xüsusilə də 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracatında 16 faizə qədər artım qeydə alınıb. Qeyri-neft ixracatında Rusiya və Türkiyənin payı aparıcı olmaqla yanaşı, Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında ilk üçlüyə Avropa ölkəsi olan İsveçrə də daxildir. 2019-cu ildə Azərbaycanın İsveçrəyə ixrac etdiyi qeyri-neft məhsullarının payında 32,2 faiz artım qeydə alınıb".

Vüqar Bayramov əlavə edib ki, ölkənin qeyri-neft strukturunun ixracatında da artımlar müşahidə olunub, yəni Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının seqmentində emaledici məhsulların payında da artım olub: "Bu məhsullar xüsusilə Avropa ölkələrinə ixrac edilir. Rusiya, Türkiyə və İsveçrə ilə yanaşı ilk beşliyə Gürcüstan və Ukrayna da daxildir. 2019-cu ildəki artım tempini nəzərə aldıqda 2020-ci ildə də Azərbaycanın Avropaya ixrac etdiyi qeyri-neft məhsullarının payında artımlar müşahidə olunacaq.

2019-cu ildə "AzərKosmos"un xidmət ixrac etdiyi ölkələri təşkil edən siyahıda ilk beşliyin üçü Avropa ölkəsidir. 2019-cu ildə "AzərKosmos" Fransaya 12,6 milyon dollarlıq, Amerika Birləşmiş Ştatlarına 9 milyon dollarlıq, Böyük Britaniyaya isə 8,7 milyon dollarlıq xidmət ixrac edib.

Eyni zamanda "AzərKosmos" Malaziyaya 8 milyon dollarlıq, Birləşmiş Ərəb Əmirliklərinə 1,4 milyon dollarlıq xidmət ixrac edib. Bu isə onu göstərir ki, Azərbaycan artıq innovativ məhsulları da ixrac edir. Bu xüsusilə də bizim qeyri-neft ixracatımızın seqmentinin keyfiyyət baxımından yeniləşməsindən xəbər verir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə