Güzəştli şərtləri olan iqtisadi zonaların mahiyyəti AÇIQLAMA

Azad İqtisadi Zonalarda xüsusi vergi və gömrük rüsumu olur. Burada qeydiyyatdan keçən şirkətlər müəyyən üstünlüklər qazanır.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Xüsusi Ticarət Rejimli Azad İqtisadi Zonaların mahiyyətini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyanın bir çox ölkələrində, əsasən də böyük ölkələrdə bu tətbiq olunur:

"Əslində bu bir növ Çinin icadıdır. Ötən əsrin 70 və 80-ci illərindən başlayaraq müxtəlif iqtisadi zonalar yaradıldı. Çindən sonra Hindistanda, daha sonra isə 90-cı illərdə Rusiyada tədbiq olunmağa başladı. İndi isə Ukraynada da bununla bağlı işlər gedir.

Azad İqtisadi Zonalarda xüsusi vergi və gömrük rüsumu olur. Burada qeydiyyatdan keçən şirkətlər müəyyən üstünlüklər qazanır. Bununla da həmin Xüsusi İqtisadi Zonalara investisiyaların cəlb olunması, iqtisadi aktivliyin artırılması üçün müəyyən şərait yaradılır. Bu böyük ölkələrdə daha çox keçərlidir".

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev SİA-ya açıqlamasında Xüsusi Ticarət Rejimli Azad İqtisadi Zona kimi "Ələt" Azad İqtisadi Zonasının yaradıldığını və bununla əlaqədar xüsusi bir komissiyanın da fəaliyyət göstərdiyini bildirib. Həmin zonalarla bağlı bütün məsələlərə komissiya tərəfindən baxıldığını qeyd edib.

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ölkədə xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulmuşdu. 2018-ci ilin 14 may tarixidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu.

Ələt Azad İqtisadi Zonası

Yeni Bakı Limanının ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə növbəti Azad İqtisadi Zonanın hansı bölgədə yaranacağına dair məlumat yoxdur. Lakin bununla bağlı məsələlərə Ələt Azad İqtisadi Zonasının Müvəqqəti idarəetmə qurumunun olduğu məlumat verilib.

Natiq Cəfərli bildirib ki, Azərbaycan kiçik ölkə olduğundan bütün ölkə ərazisinə Azad İqtisadi Zona kimi yanaşsaq daha effektli olar:

"Obrazlı bir dillə desək Azərbaycanın tamamı, Xüsusi İqtisadi Zona kimi fəaliyyət göstərməlidir. Burada vergi və gömrük güzəştlərinin tətbiq olunmasını təmin etmək, lakin digər bir hissəsini təmin etməmək bizə effekt verməz. Ona görə də Azərbaycanda iqtisadiyyatın çoxşaxəli modelinə keçid üçün addımların atılmasına ehtiyac olduğundan bütün ölkə ərazisinə Azad İqtisadi Zona və ya Xüsusi İqtisadi Zona təfəkkürü ilə yanaşılmalıdır. Bəli, ərazisi böyük olan ölkələr üçün bu labüddür".

Ekspert əlavə edib ki, hazırda bununla bağlı Ələtdə müəyyən infrostruktor yaradılıb və Sumqayıt Texnologiyalar Parkında müəyyən işlər görülür, lakin regionlarda və bölgələrdə belə zonaların yaradılması əsasdır, bu Bakının iqtisadi və əhali yükünü azaltmaq üçün, regionların inkişafını təmin etmək üçün labüddür.

Sumqayıt Texnologiyalar Parkı

Qeyd edək ki, Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu Azad İqtisadi Zona (AİZ) ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcəkdir. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulub. Misal üçün neft-kimya, əzaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub.

Ümumiyyətlə, AİZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsir 57 milyard dollar səviyyəsində hesablanıb.

Ələt Azad İqtisadi Zonası

Vurğulayaq ki, adıçəkilən sərəncamlardan irəli gələn məsələlərin icrası məqsədilə hazırda bu istiqamətdə müvafiq işlərin görülməsi davam etdirilir və gündəmdə yeni zonaların yaradılması da müzakirə olunur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə