"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycandan yazdı

“Azərbaycanın mövcud valyuta ehtiyatları ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayətdir”. SİA xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin MDB üzrə dərc etdiyi yeni hesabatında bildirilir.

Sözügedən hesabata əsasən, MDB ölkələrinin əksər mərkəzi bankları valyutalarının məzənnəsinin çevikliyini artırır ki, bu məzənnə bazarda olan tələbi və təklifi əks etdirə bilsin. Azərbaycan isə istisnadır.

Hesabatda o da qeyd edilir ki, əmtəə bazarında tələb və qiymətlərin agentliyin proqnozlarından aşağı olsa, bu, Azərbaycanla yanaşı Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrə mənfi təsir edə bilər.

Xatırladaq ki, Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. ABŞ dollarına yaxındır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə