"Bitkiçilik sahəsində məhsul artımına nail olmuşuq" - ÖZƏL AÇIQLAMA

"Bitkiçilik sahəsində məhsul artımına nail olmuşuq" - ÖZƏL AÇIQLAMA

“Ümumilikdə 2018-2019-cu təsərrüfat ilinin təhlili göstərir ki, biz bir sıra sahələrdə, xüsusən də bitkiçilik sahəsində məhsulların artmasına nail olmuşuq”. Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.

Ekspert bildirib ki, təxminən 27,5 sentnerdən 30 sentnerə qədər artım əldə etmişik: “Həm də bu təsərrüfat ili onla yadda qalıb ki, uzun illər ölkənin əkin strukturundan çıxmış bir sıra sahələr yenidən dövlət dəstəyi ilə bərpa edilib. Buna pambıqçılıq, heyvandarlıq sahəsində isə baramaçılığı misal olaraq gətirə bilərik. Bunlar əmək tutumlu sahədir və Azərbaycanda bu istiqamətdə geniş iqtisadi potensial mövcuddur. Bu potensial 2018-2019-cu illərin yekun hesabatlarında özünü göstərib. Hər iki istiqamətdə; pambıqçılıq 51 min tondan 200 min tona yaxınlaşıb, eyni zamandan barama istehsalında təxminən 516 ton barama istehsalına nail olunub. Növbəti illərdə bu həcmin 100 tona yüksəldiləcəyi planlaşdırılır”.

N.Nəsirli qeyd edib ki, əsas diqqət cəlb edən amillərdən biri də odur ki, vaxtı ilə itirdiyimiz iqtisadi ənənələri geri qaytarırıq: “Bu il bizim kənd təsərrüfatının istehsal infrastrukturu zəngiləşib. Təbii ki, 2018-2019- cu illər yeni mərhələnin başlanması kimi qiymətləndirilir. 2007-ci ildən Azərbaycanda subsidiya mexanizmi tətbiq olunurdu. O dövrün göstəricilərinə görə subsidiya öz funksiyalarını həyata keçirib. Bundan sonrakı dövrdə subsidiya təsərrüfatda konkret iqtisadi nəticələr doğurmalı idi. 2020-ci ildən yeni subsidiya qaydalarının tətbiq olunmağa başlaması şübhəsiz ki, bizim kənd təsərrüfatına dövlət dəstəyi siyasətində yeni əlamətlərin çatışmasına səbəb olacaq. Şübhəsiz biz bir sıra strateji əsaslı dövlət proqramları var və bu hələ son deyil”.

Sonda isə ekspert vurğulayıb ki, mən düşünmürəm ki, biz bütün hədəflərə çatmışıq: “Heyvandarlıq sahəsində qarşıda duran kifayət qədər məsələlər var. Biz hələki yerli cinslərin seleksiyasının tam yeniləşdirilməsini həyata keçirməmişik. Təbii ki, bu sahədə addımlar atılır. Ölkənin ümumi naxır sürüsünün genetik göstəricilərinin yüksəldilməsi sahəsində bir qədər problemlərimiz var. Bu il ölkədə quş sayı 30 milyon, iri buynuzlu heyvandarlıqda 3 milyon, xırdabuynuzlu heyvandarlıqda təxminən 2milyon 800 min həddinə çatmasına nail olduq. Amma biz etiraf etməliyik ki, ümumilikdə bizim baş sayına düşən məhsullar dünya göstəricilərindən geri qalır. Növbəti illərdə bizim əsas istiqamətlərimizdən biri qırmızı və ağ ətə olan tələbatın özünü təmin etmə səviyyəsinin yüksəldilməsi məsələləri olacaq. 2020-ci ildə böyük otlaq sahələrinin yenidən bərpa olunması və heyvandarlığın inkişafı ilə bağlı yeni bir strategiyanın şahidi olacağıq. Bu çox vacib istiqamətdir. Çünki bildiyiniz kimi həm qlobal iqlim dəyişmələri, eyni zamanda subyektiv faktorlar nəticəsində bizim təxminən öyrüş-otlaq fondumuz olan 5 milyon 800 min hektarda ekoloji baxımdan pozulmalar baş verib və öyrüş-otlaq sahələrinin yenidən bərpa olunması çox vacib istiqamətdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə