İqtisadi Tədqiqatlar Mərkəzi 2010-cu ilin hesabatını təqdim edib
Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2010-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı konfrans keçirib. SİA-nın məlumatına görə, İTM-in sədri Qubad İbadoğlu 2010-cu ildə mərkəzin fəaliyyətinə dair proqram və maliyyə hesabatının təqdimatı ilə çıxış edib. Mərkəzin 11 ildir ki, yaradıldığını deyən İTM sədri son 5 ildə hesabat verdiklərini deyib. O, konfransın üzvlük haqları hesabına təşkil edildiyini söyləyib.
Mərkəzin sədri 2010-cu ildə "Büdcə şəffaflığı və büdcəyə nəzarət", "İqtisadi təhsilə yardım", "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərinin işlənməsi", "Azərbaycanda yerli özünüidarəetmə orqanlarının gücləndirilməsi", "Dövlət büdcə xərcləmələrin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi", "Azərbaycanda Holland xəstəliyi: Xəstəlikdirmi?", "İqlim dəyişikliklərin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması", "İşçilərlə işəgötürənlər arasında sosial dialoqun təşkilində həmkarlar ittifaqlarının rolu", "Azərbaycan Respublikasında "Güzgü statistikası" xarici ticarət göstəricilərinin əsaslandırılması", "İnflyasiyanın determinantları və idxal inflyasiyasının kənarlaşma hüdudlarının daraldılması imkanlarının tədqiqi" proqramlarının həyata keçirdiyini deyib.
Q.İbadoğlu deyib ki, "Güzgü statistikası" vasitəsilə xarici ticarət göstəricilərinin dürüstləşdirilməsi layihəsi çərçivəsində seçilmiş 16 ölkə üzrə 2003-2009-cu illərin idxal statistikası araşdırılıb: "Təhlil olunan dövr ərzində kənarlaşma məbləği 10 milyard 645 milyon dollar təşkil edib. Həmin ölkələr üzrə ikitərəfli məlumatlar əsasında aparılan hesablamalar göstərdi ki, 2003-2009-cu illər arasında aşkarlanmış fərq rəsmi statistikada orta hesabla 41,3 faiz təşkil edir".
Q.İbadoğlu bildirib ki, İTM Ödədiyini Açıqla Beynəlxalq Koalisiyası, Açıq Cəmiyyətlər üzrə İctimai Assosiasiya, Vətəndaş iştirakçılığı üzrə Dünya Alyansı, Yerli Demokratiya Qurumları Assosiasiyası, Qara Dəniz QHT Forumunun üzvüdür. İTM sədri Mərkəzin Maliyyə agentliyi (19 faiz), Açıq Cəmiyyət İnstitu Yardım Fondu (21 faiz), ATƏT (4 faiz), OXFAM (10), SEKO (15 faiz), GTZ (17), Counterpart İnternational (7 faiz), QHT Şurası (3 faiz) və üzvlük haqları (3 faiz) hesabına maliyyələşdiyini vurğulayıb.
Konfransda mərkəzin ekspertləri tərəfindən hazırlanan və Azərbaycanda sahibkarlığın inkişafına yönələn təkliflər paketi açıqlanıb. Paketdə Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatlarında keyfiyyət dəyişikliyinə nail olunması yollarına, Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən aqrar təsərrüfatların qlobal iqlim dəyişikliyinə adaptasiya prosesinin asanlaşdırılmasına, Azərbaycan Respublikasında həyata keçirilən ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə və sosial realibitasiyaya keçid prosesinin təkmilləşdirilməsinə, qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına, biznes mühitinə və ev təsərrüfatlarının vəziyyətinə təsirlərinin yaratdığı risklərin idarəolunmasına, qlobal iqtisadi böhranın Azərbaycanın əmək bazarına təsirinin azaldılmasına, xarici ticarət statistikasının təkmilləşdirilməsinə, işçilərlə işəgötürənlər arasında sosial dialoqun təşkilinə, vətəndaş cəmiyyəti institutlarının ictimai əlaqələrinin gücləndirilməsinə, vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əlaqələrin gücləndirilməsinə dair tövsiyələr yer alıb.
Q.İbadoğlunun təqdimat hesabatından sonra konfrans mərkəzin fəaliyyətinə dair rəylər və sərbəst müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB