Azərbaycan Latviyanın PL/TMM sahəsində milli sisteminin IV raund qiymətləndirilməsində iştirak edəcək
Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində aparılan mütərəqqi islahatlar, bu sahədə potensialın gücləndirilməsi tədbirləri, o cümlədən insan resurslarının inkişafı ilə bağlı tətbiq edilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
PL/TMM sahəsində peşəkar kadrların hazırlanması Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin strateji prioritetləri sırasına daxildir. Qurumdan SİA-ya verilən xəbərə görə, ötən dövr ərzində Maliyyə Monitorinqi Xidmətinin 20 nəfər əməkdaşı xarici ölkələrdə keçirilən peşəkar təlim proqramlarında iştirak ediblər. O cümlədən, 4 nəfər əməkdaş Avropa Şurasının MONEYVAL Komitəsinin qiymətləndirici sertifikatını əldə edib, 2 nəfər əməkdaş nüfuzlu ACAMS təşkilatının (Pulların Leqallaşdırılmasına Qarşı Sertifikatlaşdırılmış Peşəkarlar Assosiasiyası) peşəkar təlim proqramlarını müvəffəqiyyətlə bitirərək bu təşkilata həqiqi üzv qəbul edilib, digər 2 nəfər əməkdaş isə ACAMS-a üzvlüklə bağlı prosedurların son imtahan mərhələsinə keçib.
PL/TMM sisteminin inkişafı istiqamətində əldə etdiyimiz nailiyyətlərə, bu sahədə malik olduğumuz əhəmiyyətli potensiala, o cümlədən ixtisaslı mütəxəssislərin mövcudluğuna görə ölkəmizə beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək etimadın daha bir bariz nümunəsi kimi Azərbaycan Latviya Respublikasının PL/TMM sahəsində milli sisteminin Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən həyata keçiriləcək IV raund qiymətləndirilməsində iştirak edən dörd ölkədən biri təyin edilib. Ölkələrin PL/TMM sahəsində milli sisteminin qiymətləndirilməsi üçün MONEYVAL üzvü olan ölkələrdən üç ekspert, FATF-ın üzvü olan ölkələrdən isə bir ekspert cəlb edilir. Bununla da Azərbaycan Respublikası ilk dəfə olaraq digər dövlətin PL/TMM sisteminin hüquqi və institusional aspektlərinin qiymətləndirilməsində iştirak edəcək. Latviyanın PL/TMM sahəsində IV raund qiymətləndirilməsi cari ilin 9–14 may tarixlərində baş tutacaq.
1997-ci ildən etibarən fəaliyyət göstərən Avropa Şurasının MONEYVAL Komitəsi öz üzvlərinin PL/TMM sahəsində milli sistemlərinin IV raund qiymətləndirilməsinə 2010-cu ildən başlayıb. Sloveniya və Macarıstan üzrə bu prosedurlar artıq yekunlaşıb, Azərbaycanının IV raund qiymətləndirilməsi isə MONEYVAL-ın 2013-cü il İş Planına salınmışdır.
Dövlətlərin PL/TMM sisteminin IV raund qiymətləndirilməsi effektivlik məsələlərinin ön planda olması ilə səciyyələnir. Belə ki, əgər II və III raund qiymətləndirmədə hüquqi və institusional bazanın FATF-ın 40+9 Tövsiyəsinə uyğunluğu müəyyən edilirsə, IV raund formatında PL/TMM sisteminin effektivliyi və qanunvericiliyin praktiki tətbiqi meyarları üzrə qiymətləndirmə aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB