Nümayəndə heyətimiz ABŞ-da bir sıra istehsalat obyektlərində olub
ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə Çikaqo şəhərində aprelin 3-5-də birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.
SİA xəbər verir ki, forum çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin daxil olduğu və kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti aprelin 3-də GSI (AGCO) şirkətinin İllinoys ştatında yerləşən taxıl və protein istehsalı sahəsinə aid avadanlıqların istehsal edildiyi müəssisələrdə olub, ardınca isə ayın 5-də Ayova ştatının "Cinnamon Ridge Farms" fermasına, eləcə də "John Deere" şirkətinin Molin şəhərindəki mənzil-qərargahına səfər edib.
GSI taxıl silolarını saxlamaq üçün poladdan çənlər istehsal edən dünyada ən böyük şirkətdir. Bu şirkət, yəni İllinoys ştatının Assampşn şəhərində yerləşən GSI şirkəti dünyanın 70-dən çox ölkəsinə keyfiyyətli avadanlıq və xidmətlər təqdim edir. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti üçün təşkil edilmiş turda GSI şirkətinin rəhbərliyi şirkətin istehsal həcmi, istehsal olunan avadanlığın keyfiyyəti və xüsusiyyətləri haqqında geniş məlumat verib. İnam Kərimov GSI şirkəti tərəfindən təklif edilən məhsullarla və istehsal prosesi ilə yaxından tanış olub.
ABŞ-ın kənd təsərrüfatı sahəsində aparıcı fermalarından sayılan və Ayova ştatında yerləşən "Cinnamon Ridge Farms"a səfər zamanı Azərbaycan nümayəndə heyəti fermalarda tətbiq edilən mexanizmlər və istehsalat prosesləri ilə tanış olub. Nümayəndə heyətinin üzvləri heyvandarlıq, süni mayalandırma, əkinçilik növləri ilə tanış olub, həmçinin Avropa ilə ABŞ-da tətbiq edilən müqayisəli üsullarla bağlı müzakirələr aparıblar.
Nümayəndə heyəti "John Deere" korporasiyasının mənzil-qərargahına səfəri zamanı şirkətin təklif etdiyi kənd təsərrüfatı avadanlığı və xidmətlərlə də tanış olub. Səfər çərçivəsində şirkət rəhbərliyi ilə görüşən nazir İnam Kərimov, Azərbaycanda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi haqqında ətraflı məlumat verməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı texnikaları bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlardan da danışıb.
Görüşdə "John Deere" şirkəti ilə qarşılıqlı texniki tərəfdaşlığın genişləndirilməsi istiqamətin də müzakirələr olub.
Qeyd edək ki, səfər zamanı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov kənd təsərrüfatı naziri İnam Kərimovu müşayiət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB