Qəzvin və Rəşti birləşdirən dəmir yolu xətti gələn ay istifadəyə veriləcək
İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu xətti cari ilin mart ayının 9-da istifadəyə veriləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami Çabahar şəhərində keçirilən konfransda deyib. Nazir bildirib ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun birinci hissəsi olan Qəzvin-Rəşt xəttinin açılışında Prezident Həsən Ruhani və Azərbaycanın rəsmi şəxsləri iştirak edəcəklər.
Onun sözlərinə görə, 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun inşasına 325 milyon dollar vəsait xərclənib. İqtisadi vəziyyətin çətinliyinə baxmayaraq, İran Qəzvin-Rəşt dəmir yolunun davamı olan Rəşt-Astara yolunda da inşaat işlərini davam etdirir.
M. İslami diqqətə çatdırıb ki, Çabahar limanı yenidənqurma işlərindən sonra istifadəyə verilib və Hindistan bu limana 2 milyard dollara yaxın sərmayə yatırmağa razılıq verib. Çabahar limanı artıq Hindistanın Mumbay limanından gələn ilk yükləri də qəbul edərək Əfqanıstana yola salıb. Fars körfəzindəki Bəndər-Abbas limanı ilə yanaşı, Çabahar limanı da Cənub Şərqi Asiyadan daxil olan yükləri qəbul edib Avropa istiqamətinə yönəldəcək.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara yolunun tikintisi üçün Azərbaycan İrana 500 milyon dollar güzəştli kredit də təqdim edib. İnşası 3 il davam edəcək Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Mumbay limanından İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə Rusiya və Avropaya daşınacaq.
Qeyd edək ki, Azərbaycan Astarası ilə İran Astarasını birləşdirən dəmir yolu artıq istismara verilib və Rusiyadan İrana göndərilən yüklər bu yolla mənzil başına çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB