“Regionların sosial iqtisadi inkişafı ilə bağlı 2019 -2023-cü illəri əhatə edəcək yeni dövlət proqramı 2016-cı ilə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Strateji yol xəritələri” ilə ahənglik daşıyır. Burada qarşıya qoyulan əsas hədəflər yeni proqramda öz əksini tapıb”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
O bildirib ki, növbəti 4 il müddətində həyata keçiriləcək proqram regionlarda yeni iş yerlərinin açılmasını, kənd təsərrüfatının eyni innovasiyalar əsasında inkişafı, xüsusilə də yeni texnologiyaların cəlbi ilə intensiv inkişafı təmin edəcək.
Onun sözlərinə görə, regionlarda istehsal prosesi xüsusilə də emal sənayesinin inkişafı, o cümlədən texnoparkların sənaye məhəllələrinin inkişafının genişləndirilməsi hədəfdə duran məsələlərdəndir: “Region şəhərlərinin inkişafı, regionda istehsal olunan məhsullarının ixracının genişləndirilməsi, peşə təhsilinin inkişafı və kadrların xüsusilə də regionlarda önə çəkilməsi, sosial təminat məsələsinin gücləndirilməsi də yeni proqramın qarşısında duran əsas məqsədlərdəndir. Növbəti 4 ildə həyata keçirilən işlər nəticəsində regionda turizmin daha da inkişafı, turizm potensialının genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə yeni proqrama əsasən, regionlararası qeyri-bərabər inkişafın paralel inkişafa gətirilməsi məsələləri önə çəkilməlidir”.
R.Atakişiyev vurğulayıb ki, yuxarıda sadalanan hədəflərlə bağlı həyata keçiriləcək işlər əhalinin regionlardan paytaxta axının qarşısının alınması, o cümlədən sənayeləşmənin payının artmasına gətirib çıxaracaq: “Biz bilirik ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə artım 47 faiz təşkil edir ki, bunun da əksəriyyəti regionların payına düşür. Hazırda hədəflərdən biri sənayeləşmənin regionlarda payının artırılmasıdır. Görüləcək tədbirlər bu hədəfə çatmağa imkan verəcək”.
Ekspert qeyd edib ki, növbəti 4 ildə nəzərdə tutulan işlər regionlarda rəqabət qabiliyyətli məhsulların istehsalının artmasına, eləcə də yeni iş yerlərinin açılmasına səbəb olacaq: “ Yeni iş yerlərinin açılması əhalinin adambaşına düşən gəlir səviyyəsinin artması dəməkdir. Bu da nəticə etibarı ilə əhalinin rifah halının yaxşılaşmasına təsir edən əsas amildir. Yeni proqram sahibkarlıq, investisiya mühitinin daha yaxşılaşmasına imkan yaradacaq”.
Son 15 il müddətində həyata keçirilən dövlət proqramları nəticəsində Azərbaycan regionlarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən R. Atakişiyev qeyd edib ki, əgər bu illəri arasında müqayisə aparsaq, o zaman bölgələrimizdə mühüm dəyişikliklərin şahidi olarıq: “Belə ki, ötən dövr ərzində Azərbaycan regionlarının infrastrukturu tamamilə yenilənib, kəndlər qazlaşdırılıb, yeni suvarma sistemləri qurulub, iş yerləri açılıb. Amma işlər bunlarla yekunlaşmır. Çünki iqtisadiyyat dinamik sahədir və bu sahənin hər zaman inkişafına ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB