Neft gəlirlərindən necə istifadə olunur? - ANALİZ

Neft gəlirlərindən necə istifadə olunur? - ANALİZ

Dünya bazarında neftin qiymətinin artım tempi ilə Azərbaycanın neft istehsalının artım tempi paralel olaraq inkişaf edir. Hazırda Azərbaycanın illik neft istehsalı 50 mln tona, dünya bazarında bu neftin qiyməti isə 90 dollara bərabərdir. Bu proses isə öz növbəsində ölkəmizə nəzərdə tutulduğundan da çox valyuta axınını təmin edir. Bəs bu gəlirlərdən hökumət necə istifadə edir, vəsaitlər hara yönəldilir. Bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Neft gəlirlərinin artım tempi yüksəlir

Azərbaycanda neft hasilatının yüksək templərlə artımı və neftin dünya bazarında qiymətinin yüsək olması ölkənin valyuta ehtiyatlarının və dövlət büdcəsinin daha sürətlə artmasıyla nəticələnir.

Təsadüfi deyil ki, hazırda Azərbaycanın starteji valyuta ehtiyatları 30 milyard dollara, dövlət büdcəsi 15 milyard dollara, ÜDM-in həcmi 40 milyard dollara, adambaşına milli gəlir 5 min dollara çatıb. Bu rəqəmlər özlüyündə əhalinin yaşayış səviyyəsinin yüksəlməsini və ölkənin iqtisadi qüdrətini göstərən amildir.

Elmi hesablamalara görə, əsrin sonunadək neft dünyada başlıca enerji mənbəyi olaraq qalacaq. Bir sıra ölkələrdə isə neft ehtiyatları azalmaqdadır. Azərbaycanda isə yeni-yeni neft və qaz ehtiyatları kəşf olunur.

Təhlillər göstərir ki, əgər Azərbaycan ildə 50 milyon ton neft çıxararsa, ehtiyatlar ölkəyə ən azı 100 il kifayət edər. Son hesablamalara görə, ölkənin neft ehtiyatı 10 milyon barrel, qaz ehtiyatı isə 2 trln kubm təşkil edir.

2011-cu ilin büdcə paketində neftin qiyməti 1 barrel üçün 60 dollar nəzərdə tutulub. Hazırda dünya birjalarında neftin qiymətinin 80 dolları ötməsini və gələn il qiymətin 70-dən aşağı düşməyəcəyi haqda beynəlxalq təşkilatların və ekspertlərin proqnozlarını nəzərə alsaq Azərbaycanın neftdən nəzərdə tutulduğundan xeyli artıq gəlir əldə edəcəyini söyləmək olar.

Hazırda da Azərbaycan planlaşdırdığından artıq gəlir götürür. Çünki indi "Azerligth" markalı neft dünya bazarında 90 dollardan yuxarı satılır ki, bu qiymət də büdcədə nəzərdə tutulduğundan 30 dollar (50 faiz) bahadır. Neftin qiymətinin artması Azərbaycanın neft hasilatında payının çoxalmasını da sürətləndirir. Bu bahalaşmadan Azərbaycanda həm dövlət büdcəsi, həm neft ixrac edən ARDNŞ və ABƏŞ (neft konsorsiumu), həm də Neft Fondu qazanc götürür.

Göründüyü kimi, neft hasilatı və neftin qiyməti, buna müvafiq olaraq ölkəmizin gəlirləri getdikcə artır. Amma Azərbaycan hökuməti buna görə arxayınlaşmır. Nəzərə alınır ki, ildə 50-60 milyon ton neft istehsal etməyə hazırlaşan və yaxın 20-30 ildə əsas neft-qaz ehtiyatlarını istismar edəcək Azərbaycan öz gələcəyi barədə də düşünməlidir. O üzdən də iqtisadiyyatın başqa sahələrinin inkişafına böyük diqqət verilir və neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilir.

Neft hasilatının və ondan gələn vəsaitlərin çoxalması hökumətin qeyri-neft sektorunu inkişaf etdirməsi üçün əlavə stimul yaradır. Heft gəlirləri həmçinin ölkənin abadlaşdırılmasında və müasir infrastrukturun yaradılmasında öz sözünü deyir.

Hökumət böyük neft gəlirlərinə və dünya bazarında "qara qızıl"ın baha olmasına rəğmən strateji iqtisadi siyasət yürüdür. Transmilli layihələrin həyata keçirilməsi, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılması kimi işlər ölkənin gələcək inkişafının qarantına çevrilir.

Yeri gəlmişkən, bir məsələyə diqqət yetirək. Bəzən belə bir fikir yürüdürlər ki, Azərbaycanda iqtisadi artım yalnız neft və qaz amili ilə bağlıdır. Amma əslində dövlət başçımızın dediyi kimi, ölkədə, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyulur. Başqa sözlə, neft və qaz amili bizim üçün hədiyyə deyil. Azərbaycanda bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə mühüm uğurlar əldə edilib. Neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilib.

Hökumətin neft gəlirlərindən istifadə edərək Azərbaycan iqtisadiyyatının digər sektorlarını inkişaf etdirməsi həm də neftdən asılılığın azaldılması ilə nəticələnir. Hazırda ixracın 90%-ə qədəri, büdcə gəlirlərinin 60%-i, sənayenin 75%-i neftin payına düşür. Bu, digər sahələrin zəif inkişafı ilə bağlı deyil, neft sistehsalının artması və neftin qiymətinin yüksəlməsi ilə inkişafı bağlıdır. Lakin həyata keçirilən iqtisadi siyasət yaxın illərdə qeyri-neft sektorunun ümumi iqtisadiyyatda çəkisinin daha yüksək olacağını söyləməyə əsas verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin 11 ayında adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunub. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb. Göründüyü kimi, qeyri-neft sektorunun inkişaf tempi neft sektorundan çoxdur ki, bu da aparılan iqtisadi siyasətin düzgünlüyünü göstərir.

Qeyri-neft sektorunun inkişafı sosial siyasətin əsasıdır

Hökumətin neft gəlirlərindən istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri beynəlxalq iqtisadi və maliyyə təkilatları tərəfindən təqdir olunur. Ümumi Daxili Məhsulun 10 faizdən yuxarı olan artımına və MDB-də investisiya qoyuluşu məsələsindəki birincilik özünü sosial inkişafda, əhalinin sosial vəziyyətinin həmin artımlara uyğun yaxşılaşmasında göstərir.

Əgər hökumət neft sektorundan qazanılan pulları qeyri-neft sektorunun, yerli istehsalın inkişafına yönəltməsəydi, bu özünü yeni iş yerlərinin açılmasında, orta əməkhaqqının yüksəlməsində, əhalinin yaşayış səviyyəsinin qalxmasında göstərməzdi. Təkcə onu demək kifayətdir ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri açılıb, minlərlə yeni müəssisə fəaliyyətə başalayıb. Sevindirici haldır ki, bunların 80%-i bölgələrin payına düşür. 2010-ci ilin 9 ayının nəticələrinə görə, özəl sektorun iqtisadiyyatda payı 85 faizə çatıb. Özəl sektor isə, məlum olduğu kimi əsasən, qeyri-neft sektoru çərçivəsində fəaliyyət göstərir.

Azərbaycanda neftdənkənar sənaye sahələri, yerli istehsal hazırda sürətli inkişaf dövrünə qədəm qoyur, yerli məhsullar xarici bazarlara daha çox çıxarılır. Yerli istehsal rəqabət qabiliyyətini artırıb, daxili bazarda isə mal bolluğu yaranıb. Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialı getdikcə daha çox artır və artıq dünyada "Made in Azerbaijan" markası tanınmaqdadır. Hökumət bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir.

Azərbaycan aqrar ölkəsi sayıldığı və özünün əksər növ kənd təsəsrrüfatı məhsulları istehsal etmək imkanları olduğu halda, hələ də bəzi ərzaq məhsulları xaricdən idxal edilir. Bu məhsulları öz tələbatına uyğun həcmdə Azərbaycan özü həm istehsal, həm də ixrac da edə bilər. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri ilə hökumət kənd təsərrüfatına əvvəlkindən daha çox diqqət yetirir. Bu da özlüyündə həm də ölkənin regionlarının inkişafı üçün əlavə stimul yaradır.

Hazırda ölkədə xüsusi diqqət yetirilən məsələlərdən biri də ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqinə böyük önəm verilməsidir. Belə ki, ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunması məqsədilə Ümumdünya Ticarət Təşkilatının prinsipləri diqqət mərkəzində saxlanacaq.

Neft gəlirləri ölkənin kompleks inkişafına təkan verib

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, xüsusilə də neft siyasəti bpöyük uğurların əldə olunmasına gətirib çıxarıb. Uğurların mənzərəsini görmək üçün öncə son 7 ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Sözügedən dövrdə ölkədə ümumi daxili məhsul və sənaye istehsalı isə 3 dəfə artıb. Yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 10 faizə qədər azalıb.

Beş il ərzində büdcə xərcləri 10 dəfədən çox artıb. Strateji valyuta ehtiyatları 5 dəfə artıb. Belə göstəricilərin sayını daha da artırmaq olar. Göründüyü kimi, Azərbaycan bu nəticələrə yalnız neft sektorunun inkişafı hesabına yox, həm də digər sahələrin inkişafı nəticəsində nail olur.

Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilir. Hər il dövlət büdcəsindən sahibkarlara 100 milyon manta vəsait ayrılır ki, bu ölkədə kiçik və orta sahibkarlığın inkiaşfına stimul yaradır. ÜDM-də özəl sektorunun payının 85 faizə çatması da məhz bu siyasətin nəticəsidir.

Lakin Prezident İlham Əliyevin sözləri ilə desək, "bizə dünya səviyyəsində tanınan böyük şirkətlər yaratmaq lazımdır". O üzdən də milli şirkətlərin inkişafı və böyüməsi üçün dövlət əlindən gələn hər şeyi edir. Bu cür şirkətlərə iri kreditlər verilir, regionlarda istehsal və tədarük obyektləri yaratmaq üçün imkanlar yaradılır və s.

Beləliklə, Azərbaycanda iqtisadi inkişafın yeni dövrü başlayır. Bundan sonra ölkəmizin dünyada təkcə neft və qaz ölkəsi kimi deyil, həm də digər sahələrdə inkişaf etmiş dövlət kimi tanıyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə