“Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 minə çatıb

“Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 minə çatıb
Ötən həftə Azərbaycanda həyata keçirilən "Xalq Kompüteri" layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb. SİA-nın verdiyi xəbərə görə, HP ProBook 4510s notbukunun sahibi Sumqayıt şəhər sakini, 27 saylı orta ümumtəhsil məktəbinin müəlliməsi Xalidə İsgəndərova olub. Layihənin tərəfdaşları 10 000-ci kompüteri hədiyyə olaraq vermək qərarına gəliblər.

Xatırladaq ki, "Xalq Kompüteri" layihəsinin həyata keçirilməsinə HP və Microsoft şirkətləri ilə birgə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından başlanıb. Layihənin operatoru "BestComp Group" şirkətidir. Sonralar layihəyə İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşulublar. Kompüterlərin çatdırılması və ödənişlərin qəbulu "Azərpoçt" MMC vasitəsilə həyata keçirilir.

"Xalq Kompüteri" layihəsinin hazırkı mərhələdə olan əsas məqsədi orta ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətinin 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır.

Daha ətraflı məlumatla layihənin www.xalqkomp.az saytında tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə