İTM-in ekspertləri həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı sorğu keçirib

İTM-in ekspertləri həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı sorğu keçirib

Bu gün İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı apardığı tədqiqatın nəticələri müzakirə edilib. SİA-nın məlumatına görə, İTM-in rəhbəri Qubad İbadoğlu Mərkəzin Almaniyanın Fredrix Ebert Fondunun maliyyə dəstəyi ilə "İşçilərlə işə götürənlər arasında sosial dialoqun təşkilində həmkarlar təşkilatların rolu" adlı layihə həyata keçirdiyini bildirib. Layihənin əsas məqsədinin işçilərin sosial və iqtisadi müdafiəsində həmkarlar təşkilatlarının rolunun gücləndirməsinə texniki və metodiki dəstək vermək olduğunu deyən Q.İbadoğlu qeyd edib ki, layihə çərçivəsində aparılan araşdırmalar zamanı işə götürənlərlə işçilər arasında sosial dialoqun təşkilində təşkilatları qiymətləndirmək məqsədilə sorğular keçirilib və tədqiqat hesabatı hazırlanıb.

Məlumat verilib ki, tədqiqatda Azərbaycanda işçi-işəgötürən münasibətlərini tənzimləyən qanun və digər hüquqi-normativ aktlar təhlil olunub, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri öyrənilib, ölkədə işçilərin əmək münasibətlərinin tənzimlənməsi baxımından təşkilatlanması sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb. Mərkəzin ekspertləri Bakı, Quba, Gəncə, Şəki və Lənkəran şəhərlərində işçilər və işəgötürənlər arasında sorğu keçirib.

İTM rəhbəri bildirib ki, respondentlərin 45 faizinin həmkarlar ittifaqlarının rolu və funksiyaları, iş metodları, işəgötürənlərlə qarşılıqlı münasibətləri barədə məlumatı azdır, 53 faizi isə bu barədə maraqlanmadığını deyib: "Rəyi soruşulanların 68 faizi hesab edir ki, ölkəmizdə həmkarlar ittifaqları və işçilərlə tərəfdaşlıq məsələsində hökumət orqanlarının hansısa strategiyası yoxdur. Yalnız 16 faizi strategiyanın olduğunu düşünür. Sorğuda iştirak edənlərin 71 faizi hesab edir ki, ölkəmizin qanunvericiliyi işçilərə idarəetmə ilə bağlı qərarların qəbulu və həyata keçirilməsində iştirak imkanı yaratmır və inkişaf etdirmək lazımdır. Yalnız 11 faizi qanunvericilikdən razıdır. İşəgötürənlərin isə 49 faizi qanunvericilikdən razıdır".

Sorğunun nəticəsinə görə, işəgötürənlərin 81 faizi fəaliyyət göstərdikləri sahədə sahibkarların hansısa birliklərin olmadığını deyib. Eyni zamanda 23 faiz respondent bu sahədə çalışan işçilərin sahə həmkarlar ittifaqlarının olmasından məlumatsız olduqlarını bildiriblər. Q.İbadoğlu sorğunun Azərbaycanda həm işçilərin, həm də işəgötürənlərin əməkdaşlıq münasibətləri sahəsində dialoq ənənəsi formalaşmadığını ortaya çıxardığını söyləyib: "İşəgötürənlər işçilərlə sosial-əmək münasibətlərinin qarşılıqlı əməkdaşlıq və kollektiv müqavilələrlə tənzimlənməsinə zərurət görmürlər. Qeyri-dövlət sektorunun kiçik və orta müəssisələrinin əksəriyyətində ilkin həmkarlar təşkilatları yaradılmayıb. İşəgötürənlərlə dialoqda aparıcı rola malik olan həmkarlar təşkilatları lazımı qədər aktiv deyillər. Hesab edirik ki, sosial əməkdaşlığı təşkil etmək məqsədilə normativ-hüquqi baza formalaşdırılmalıdır. Bunun üçün isə "Sosial əməkdaşlıq haqqında", "İşəgötürənlərin birliyi haqqında", "İşçilərin müvəkkillik orqanları haqqında" qanunları qəbul edilməlidir. Həmçinin əmək münasibətlərində sosial dialoq aparılması ənənəsinin formalaşdırılması üçün işçilərin və işəgötürənlərin maarifləndirilməsi istiqamətində işlər gücləndirilməlidir".

Tədbirdə iştirak edən İTM-in ekspertləri, həmçinin həmkarlar təşkilatlarının nümayəndələri mövcud sahədəki çatışmazlıqlardan söhbət açaraq onların aradan qaldırılması ilə bağlı təkliflərini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə