Gömrük xidməti müasir dünyanın ildən-ilə qloballaşan və şaxələnən çağırışlarına cavab verən ən etibarlı keşikçi, hər bir dövlətin iqtisadi təhlükəsizliyinin qarantıdır. Respublikamızda həyata keçirilən uğurlu iqtisadi strategiyanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrüyünün dövlətçilik təməlinin möhkəmləndirilməsində önəmli rolu var.
Gömrük xidməti sərhəddən başlayaraq Azərbaycanın quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyaraq qaçaqmalçılıq və digər iqtisadi cinayətkarlıqla barışmaz mübarizə aparır, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və uğurlu strategiyası sayəsində möhkəmlənən Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır və bu yolda gömrük xidmətinin də rolu danılmazdır. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasəti ilə də bilavasitə bağlıdır. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin təbirincə desək, “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”.
Gömrük orqanlarında həyata keçirilən əsaslı islahatlar, peşəkar kadrların hazırlanması, müasir tələblərə cavab verən maddi-texniki bazanın təşkili, ölkəmizin gömrük xidmətinin beynəlxalq arenada nüfuzlu yer tutması məhz dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin yüksək idarəçilik qabiliyyəti sayəsində, eyni zamanda diqqət və qayğısı nəticəsində gömrük xidmətinin ölkəmizdə yüksək səviyyədə təşkil olunması hazırkı dinamik inkişaf tendensiyasını şərtləndirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda çevik, peşəkar və modern təşkilata çevrilən gömrük xidmətini dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev daim diqqətdə saxlayır və hər bir gömrükçü dövlətin qayğısını hiss edir.
Ötən 2017-ci il yanvarın 30-da 25 ili qeyd olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi bu müddət ərzində özünün uğurlu və sürətli inkişaf yolu ilə seçilir. Belə ki, Dövlət Gömrük Komitəsi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqan kimi özünü təsdiq edə bilir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olan Azərbaycan gömrüyü həyata keçirilən islahatlar nəticəsində özünün müasir siması ilə fərqlənir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu əhəmiyyətli dərəcədə artıb və gömrük işinin göstəriciləri də xeyli yüksəlib. Hazırda gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməsi təkzib edilə bilməz və bu baxımdan müasir tələblərə cavab verən modern gömrük sistemi ölkəmizdə dövlət tərəfindən daim dəstəklənir və gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə qiymətləndirilir.
Dövlət Gömrük Komitəsinin gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları da vardır ki, bunlar adıçəkilən qurumun işində mühüm əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır və qurumun fəaliyyətinin daha da genişləndirilməsinə, şaxələndirilməsinə xüsusi diqqət ayırır.
Etibarlı gömrük xidmətinin təşkili və bu sahənin dünya standartları səviyyəsinə çatdırılması üçün respublikamızda güclü qanunvericilik bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edib. Ölkəmizdə gömrük işinin daha da təkmilləşdirilməsi, müvafiq islahatların aparılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”, Azərbaycan Respublikası və Avropa Birliyi arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə uyğun olaraq “Yeni qonşuluq siyasəti” çərçivəsində 2006-ci ildə qəbul edilmiş “Azərbaycan-Avropa İttifaqı fəaliyyət Planı”, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər diqqətə çatdırılmalıdır. Eləcə də Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsində əsas məqsəd məhz gömrük sisteminin inkişafını sürətləndirmək, gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək olub.
Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ərazilərdə gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də müvafiq tədbirlər görülüb. Nəhayət, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamı, bu sərəncama uyğun olaraq isə dövlət başçısının “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 21 may 2016-cı il tarixli fərmanına müvafiq olaraq “yaşıl” və “qırmızı” dəhlizlərin tətbiqinin önəmini vurğulamaq xüsusilə vacibdir.
Azərbaycan gömrüyünün təkmilləşdirilməsi işi ilə yanaşı, gömrük orqanlarının, eləcə də əməkdaşlarının fəaliyyəti də ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və qiymətləndirilir. Azərbaycan Prezidentinin 27 yanvar 2017-ci il tarixli müvafiq sərəncamlarını rəhbər tutaraq gömrük əməkdaşlarının ali xüsusi rütbələrə, orden və medallara, fəxri adlara layiq görülməsi şübhəsiz ki, bütövlükdə gömrükçülərə, gömrük işinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. O cümlədən, peşə bayramı ərəfəsində Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin imzaladığı 24 yanvar 2017-ci il tarixli fərmanı da deyilənləri bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərtərəfli dəstəyi sayəsində ölkəmizin gömrük xidməti qarşısındakı tapşırıqlar yeni çağırışlara uyğun olaraq daim dəyişir və inkişaf edir. Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin məcəllə Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.
Məcəllənin layihəsi hazırlanarkən Avropa Birliyinin Təkmilləşdirilmiş Gömrük Məcəlləsinin qabaqcıl normalarından, eləcə də Avropa Birliyinə üzv dövlətlər olan Estoniya, Latviya və Litva respublikalarının, eləcə də İsveç Krallığının gömrük işi sahəsində əldə etdikləri təcrübədən geniş istifadə edilib.
Bütövlükdə, yeni Gömrük Məcəlləsi gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun modernləşdirilməsinə, dövlət büdcəsinin gəlirlərinin artmasına, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasına, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətlənməsinə, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin və informasiya texnologiyalarının tam tətbiq edilməsinə, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasına, gömrük-tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə, ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artmasına, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşmasına, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradıb.
Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür və Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü seçilib, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini olub və nəhayət 2017-ci ildə isə Azərbaycan Gömrük Xidməti ÜGT-nin Maliyyə Komitəsinə yenidən üzv seçilib. ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi Azərbaycanda yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisi də fəaliyyət göstərir.
Bu gün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir və quru, hava, eləcə də dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquq pozuntusu hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Nəzərə alsaq ki, gömrük xidməti öz fəaliyyət sferasını günbəgün artırır və genişləndirir, cəsarətlə deyə bilərik ki, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ölkənin ən aparıcı qurumu olaraq seçilir və gələcək perspektivləri haqqında yalnız optimist proqnozlara layiqdir.
Minarə Hacıyeva
"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB