Güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələrinin adları açıqlanıb

Güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələrinin adları açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvə bağlarının salınması) və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərinin qəbulu üçün verilmiş elan üzrə sahibkarlıq subyektlərinin təqdim etdikləri 12 təklif zərfi 25 oktyabr 2010-cu il tarixdə açılmış və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq baxılmasına başlanılmışdı.

SİA-nın məlumatına görə, noyabrın 10-da güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələrinin adları sahibkarların, müvəkkil kredit təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə elan edilib.

Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat vermiş, şirkətin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən elan edilmiş layihələrdə iştirak etdiyini bildirib. Qeyd edilib ki, AİŞ müasir texnologiyaların tətbiqi ilə inşa olunacaq uşaq qidası istehsalı zavodunun tikintisi layihəsində payçı qismində çıxış etməsi istiqamətində işlər aparılır. AİŞ-in icraçı direktoru Əfqan İsayev iş adamlarını investisiya layihələrində fəal iştiraka dəvət edib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin bu gündən etibarən maliyyələşdirilməsinə başlanıldığını, sahibkarlıq subyektlərinin müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya təkliflərinin isə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq araşdırılacağını və noyabrın 24-də güzəştli qaydada maliyyələşdiriləcək layihələrin sahibkarların, müvəkkil kredit təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə elan ediləcəyini bildirib.

Beləliklə, ümumi dəyəri 4,5 milyon manat, kredit tələbatı 2,2 milyon manat olan 7 investisiya layihəsi (Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3, Aran iqtisadi rayonu üzrə 2, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər biri üzrə 1 layihə) güzəştli qaydada maliyyələşdiriləcəkdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində 4 hektar alma, 50 hektar üzüm, 26 hektar nar, 200 hektar zeytun, 15 hektar xirnik, 4 hektar ərik, 1 hektar alça bağı salınacaq, ildə 50 ton alma, 2000 ton üzüm, 167,4 ton nar, 2000 ton zeytun, 156 ton xirnik, 36,4 ton ərik, 5,2 ton alça istehsalı və 12 hektar sahədə 318 min ədəd ting yetişdirilməsinə imkan yaradacaqdır.

Bundan başqa, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, əhalini yüksək keyfiyyətli çörək məhsulları ilə təmin etmək məqsədilə müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun verdiyi elan üzrə sahibkarlıq subyektlərinin təqdim etdikləri 17 təklif zərfi (Bakı şəhəri üzrə 8, Aran iqtisadi rayonu üzrə 4, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 və Abşeron iqtisadi rayonu üzrə 1 təklif) sahibkarların, müvəkkil kredit təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə açılıb.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gələcəkdə də bu istiqamətdə layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə