“Manqustaumunayqaz” şirkətinin nümayəndələri Ekologiya İdarəsində olublar

“Manqustaumunayqaz” şirkətinin nümayəndələri Ekologiya İdarəsində olublar
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində Qazaxstanın "Manqustaumunayqaz" şirkətinin nümayəndələri ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əvvəlcə qonaqlar Xəzər rayonu ərazisində salınan "Ekoloji Park"a ekskursiya edib, bu rayonda ARDNŞ tərəfindən həyata keçirilən bioremediasiya prosesi ilə tanış olublar. Ekoloji Monitorinq Departamentində qazaxstanlı nümayəndələrə ARDNŞ-nin reallaşdırdığı ekoloji layihələr haqqında geniş məlumat verilib. Qonaqlar neftlə çirklənən torpaqların təmizlənməsində ARDNŞ-nin təcrübəsinə böyük maraq göstəriblər.

Ekologiya İdarəsinin əməkdaşları qazaxstanlı həmkarlarına aparılan bioremediasiya üsullarının üstünlükləri, ARDNŞ-də bu prosesin idarə olunması üçün istifadə edilən bioloji təmizlənmə texnologiyaları haqda məlumat veriblər. Təmizlənmə prosesində istifadə olunan mikroorqanizmlərin Abşeron yarımadasında, çirklənən ərazilərdən götürülərək, laborator şəraitdə artırılması və bioloji təmizlənmədə istifadə olunması haqqında məlumatlar da qonaqlarda böyük maraq oyadıb. Sonda tərəflər arasında qarşılıqlı ekoloji layihələrin yerinə yetirilməsində əməkdaşlığın perspektiv imkanları haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə