Azərbaycan beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında təmsil olunacaq

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti 6-10 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək CeBIT Bilisim Eurasia - beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında iştirak edəcək. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bu il Azərbaycan sərgidə ayrıca Milli pavilyonla təmsil olunacaq. Burada respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayiş etdiriləcəyi nəzərdə tutulur. O cümlədən Milli pavilyonda Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş və regionun 20-dən çox ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusi yer alacaq.

Həmçinin sərgidə Regional İnnovasiya Zonasının yaradılması, eləcə də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılmasına dair layihələr də təqdim olunacaq. Dövlət sektorundan başqa pavilyonda ölkənin özəl İKT-şirkətlərinin də nailiyyətləri əks olunacaq. Azərbaycanı sərgidə təmsil edən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir.

Sərgi çərçivəsində müxtəlif forum və konfransların təşkil olunacağı gözlənilir. CeBIT Bilisim Eurasia regionun ən iri İKT-sərgisidir və Azərbaycan artıq bir neçə ildir ki bu mühüm tədbirlə yaxından maraqlanır. Bununla belə məhz builki sərgidə respublika ayrıca pavilyonla təmsil olunur ki, bunun sayəsində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki potensialını nümayiş etdirmək və ölkəyə ən yeni texnologiyaları cəlb etməyə imkan yaranacaq. Ötən il sərgi 950-dən çox iştirakçı və 150 minə yaxın ziyarətçi cəlb edə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə