Cəlilabadda “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda Konfrans keçirilib

Cəlilabadda “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda Konfrans keçirilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması, keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, eləcə də istehlakçıların və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, sentyabrın 17-də Cəlilabad rayonunda "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda Konfrans keçirilib. Tədbirdə dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, həmçinin Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlindiyini bildirmiş, bu sahəyə diqqətin daha da artırıldığını vurğulayıb.

O qeyd edib ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalı, sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi sahəsində vəzifələrinə ciddi şəkildə əməl etməlidirlər.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri", "İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət", "İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri" mövzularında məruzələrlə çıxış ediblər. Tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə