“İş yerinə dair arayış” elektron xidmətinə ötən illə müqayisədə 51,4 % çox müraciət olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay 23 314 müraciət qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayında bu e-xidmətdən 134 835 dəfə istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çoxdur. Nazirlikdən SİA-ya verilən məlumata görə, 2014-cü ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiqinə başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi işçi və işəgötürənlər arasında əmək müqavilələri əsasında mövcud olan bütün əmək münasibətləri barədə dolğun informasiya bazası formalaşdırıb. Sistemin üstünlüklərindən biri olaraq hər bir işçinin onunla bağlanmış əmək müqaviləsi barədə istənilən vaxt elektron qaydada məlumat əldə etməsinə də şərait yaranıb. Bu əsasda həmin ilin dekabr ayında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidməti vətəndaşların istər ümumi təyinatlı, istərsə də konkret bir təşkilata təqdim etmək üçün real vaxt rejimində öz iş yerləri haqqında e-arayış əldə edə bilmələrinə imkan verib. Onlar həmin arayışı aidiyyəti quruma elektron şəkildə göndərə və ya çap edərək kağız şəklində təqdim edə bilirlər.

Beləliklə, bu e-xidmət istifadəyə verildikdən sonra hər hansı işçinin qeyd olunan arayışı almaqdan ötrü işəgötürənə müraciət etməsinə, bunun üçün vaxt sərf etməsinə ehtiyac qalmayıb. İş yerinə dair arayışın tələb olunduğu təşkilatlar da həmin arayışın məhz elektron qaydada təqdim olunmasına üstünlük verirlər. Çünki onlar belə e-arayışlarda əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidmətinə 01 iyul 2017-ci il tarixinədək 587 706 dəfə müraciət olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə