Prezidentin Sərəncamının icrası ilə əlaqədar mexanizmlər hazırlanıb

Prezidentin Sərəncamının icrası ilə əlaqədar mexanizmlər hazırlanıb

Kənd Təsərrüfatı Nazirliyi dövlətimizin başçısının "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Sərəncamın icrasına hazırdır. SİA-ya Nazirlikdən verilən məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov aprelin 12-də Kənd Təsərrüfatı Nazirliyində keçirilən 4-cü Donor Əlaqələndirmə Görüşündə jurnalistlərə müsahibəsində bildirib.

"Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində 2016-cı ilin sentyabr ayından Almaniyanın Frankfurt Maliyyə və Menecment Məktəbi ilə əməkdaşlığa başlayıb. Cəlb edilmiş beynəlxalq şirkətlə birlikdə fermer və sahibkarların tələbatları, kredit təşkilatlarının üzləşdikləri çətinliklər və imkanları araşdırılıb, geniş təhlil edilib, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq mexanizmlər və yeni maliyyə məhsulları barədə tövsiyələr hazırlanıb. Əminliklə deyə bilərik ki, Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq mütəxəssislərlə çalışması nəticəsində hazırlanmış təhlil və təklif olunan mexanizmlər dövlətimizin başçısının yeni Sərəncamının icrasında geniş istifadə oluna bilər", - deyə nazir müavini qeyd edib.

Seyfəddin Talıbov bildirib ki, dünyanın hər yerində kənd təsərrüfatı riskli sahə hesab olunur. Son 10 ildə Azərbaycanda banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırsa da bu vəsait yetərli deyil.

Nazir müavini deyib: "Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verilir. Xarici investorlar isə aqrar sahəyə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda, burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların, hazır məhsulların girov kimi qəbul olunması, beynəlxalq təcrübədə əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda, götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur".

Seyfəddin Talıbov əlavə edib ki, beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşməkdə məqsəd "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf və məqsədlərə diqqət yetirməkdir. Görüşdə donor təşkilatların hər biri ölkənin aqrar sektorunun inkişafı üçün seçilmiş prioritet istiqamətlərdən hansıları maliyyələşdirməkdə maraqlı olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə