“Azəravtoyol” avtomobil yollarında 330 mindən çox ağac və kol bitkisi əkib

“Azəravtoyol” avtomobil yollarında 330 mindən çox ağac və kol bitkisi əkib

"Azəravtoyol" ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil yollarının təhkim zolağında 2016-cı ildə ümumilikdə 550,6 hektar ərazidə 330 min 366 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən il Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 87 min 749 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

Yol Yaşıllaşdırılma MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 136 min 750 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib.

Hazırda bu tinglik sahələrində 119 min 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

Qeyd olunub ki, "Azəravtoyol" ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1600 kilometr magistral avtomobil yolunun, 1824 kilometr isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə