Bakıda beynəlxalq dəmir yolları biznes forumu başlayıb

Bakıda beynəlxalq dəmir yolları biznes forumu başlayıb

Bu gün Bakıda "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən-Qafqaz regionu" biznes forumu başlayıb. SİA-nın məlumatına görə, tədbirdə 1520 mm məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərləri iştirak edirlər. Forum çərçivəsində əsasən beynəlxalq nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmiryolu infrastrukturunun tikintisi və digər məsələlər müzakirə olunacaq.

Biznes forumun açılışında çıxış edən baş nazirin müavini Abid Şərifov forum iştirakçılarına Azərbaycan Prezidentinin salamlarını və xoş arzularını çatdırıb. O, forumun əhəmiyyətini vurğulayıb və işinə uğurlar arzulayıb. A.Şərifov "Azərbaycan Dəmir Yolları"nın yaranma tarixinə toxunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və " Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Aleksandr Meşarinin açılış nitqlərindən sonra plenar müzakirələr başlayıb.

Qeyd edək ki, "1520 mm" dəmir yolu forumu 1997-ci ilin mayından fəaliyyət göstərir. Bu, Rusiyada, digər MDB və Baltikyanı dövlətlərdə, eləcə də Finlandiya və Monqolustanda enli, həmçinin ensiz dəmir yolu xətləri üzrə diskussiyaların keçirilməsi üzrə nəzərdə tutulub. 1520 rəqəmi MDB, Monqolustan, eləcə də Finlandiya dəmir yolu xətlərinin enini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə