Bakıda Hindistan- Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib

Bakıda Hindistan- Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib

Bakıda Hindistan-Azərbaycan hökumətlərarası komissiyanın dördüncü iclası keçirilib. SİA-ya Hindistan səfirliyindən verilən məlumata görə, iclasda bu ölkə Ticarət və Sənaye Nazirliyinin idarə rəisi Sunil Kumarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. S.Kumar Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ilə görüşüb, ikitərəfli ticarət, sərmayə qoyuluşu, iqtisadiyyat, elm və texnologiya sahələri daxil olmaqla, bütün sahələrdə Hindistanın Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu bildirib. Nümayəndə heyətlərinin görüşündən sonra ticarət, sərmayə qoyuluşu, nəqliyyat, energetika, sənaye istehsalı, kənd təsərrüfatı, turizm, səhiyyə, əczaçılıq, təhsil və informasiya texnologiyası sahələrində əməkdaşlığın daha da genişləndirməsi məqsədilə protokol imzalanıb.

S. Kumar qeyd edib ki, Hindistan Azərbaycan, İran və Rusiyanın birgə təsis etdiyi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri qiymətləndirir. O, bildirib ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi regional iqtisadi və ticarət mübadilələrinə böyük təkan verəcək və gələcək illərdə regional nəqliyyata çevriləcək. Həmçinin qeyd edib ki, Hindistan yükün bu marşrutla sürətli və səmərəli hərəkət etməsini təmin etmək məqsədilə gömrük və digər prosedurların səmərələşdirmək üçün bütün tərəfdaşlar arasında əlaqələndirmənin yaradılmasını dəstəkləyib.

Səfir Sanjay Rana isə bildirib ki, Hindistan Azərbaycanla dostluq və sıx münasibətlərə malikdir. İki ölkənin əlaqələri güclü siyasi münasibətlər əsasında daha da möhkəmlənməkdə davam edir və qarşılıqlı əməkdaşlıq inkişaf etməkdədir. Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə 28% artıb. Hindistanın ONGC-Videsh şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tərəfdaşıdır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı məqsədilə addımlar atır və Hindistan şirkətləri kənd təsərrüfatı, sənaye istehsalı, əczaçılıq və informasiya texnologiyaları kimi sahələrdə qeyri-neft sektorunun inkişafı üçün imkanlardan istifadə etməkdə maraqlıdırlar. Hindistanın əczaçılıq məhsulları və dərmanları münasib qiymətə əldə oluna biləcək yüksək keyfiyyətə malikdir və Hindistan dərmanlarının Azərbaycanda mövcudluğundan hamı qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə