Azərbaycan və İndoneziya iş adamları əməkdaşlığı genişləndirir

Azərbaycan və İndoneziya iş adamları əməkdaşlığı genişləndirir

"Trade Expo Indonesia 2016" sərgisində iştirak etmək üçün Cakartada səfərdə olan Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti bir sıra görüşlər keçirib. Bu barədə SİA-ya İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib. Məlumata görə, "İpək yolu" Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin üzvləri və İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənanidən ibarət olan nümayəndə heyəti ölkənin müxtəlif şəhərlərində olub və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Belə ki, bu ölkənin həcc və ümrə ziyarətlərini təşkil edən AMPURİ müsəlman assosiyasiyanın rəhbərliyi ilə görüşdə turizm sahəsində əməkdaşlıq müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan indoneziyalılar üçün maraqlı və gözəl ölkələrdən biridir. Əgər Azərbaycan İndoneziya vətəndaşları üçün vizaları hava limanlarında versə, indoneziyalılar ümrə və həcc ziyarətlərindən sonra Azərbaycana gələ bilərlər. Belə ki, hər il təkcə Ümrə ziyarətinə İndoneziyadan 1 milyon insan gedir.

Nümayəndə heyətinin üzvləri həmçinin, İndoneziyada taxta, alüminium, parça, kağız qablaşdırma, dəniz məhsulları ilə məşğul olan biznesmenlərlə görüş keçiriblər, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə