Manatı bahalaşdıran SƏBƏBLƏR

"Sentyabrın əvvələrindən başlayaraq dolların manata nisbətən dəyər itirməsi Mərkəzi bankın, eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) hərraclara daha çox vəsait çıxarması ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Sentyabrın əvvələrində ARDNF və Mərkəzi Bank tərəfindən hərraclara 3 milyon dollar çıxarıldığını deyən V. Bayramov söyləyib ki, daha sonra hərraca çıxarılan vəsaitlərin artması nəticə etibarilə manatın məzənnəsinin möhkləmlənməsinə səbəb olub: "Bunun nəticəsidir ki, son günlər manatın məzənnəsinin dollara nisabətən möhkəmləndiyini görürük. Bundan əlavə neftin dünya bazarında qiymətinin də xeyli dərəcədə stabilləşməsi, Azərbaycan neftinin qiymətinin 50 dollarlıq həddi keçməsi də psixoloji baxımdan manatın məzənnəsinə təsir göstərir. Çünki bütün hallarda neftin qiyməti birbaşa neft ölkələrində milli valyutaların məzənnəsinə təsirsiz ötüşmür".

Bu prosesin hansı müddətə qədər davam etməsinə gəldikdə V. Bayramov qeyd edib ki, manatın digər dövr üçün məzənnəsi Mərkəzi Bankın hərraclarda aktivliyini qoruyub saxlamasından asılı olacaq: "Artıq hərracların keçirilməsi qaydaları dəyişib. Hazırda hərraclar 3 sessiyalı şəkildə keçirilir. Manatın məzənnəsi 3-cü sessiyada élan edilir. Əgər əvvəllər Mərkəzi Bank nəticələri hərraclar üzrə élan edirdisə, indi nəticələr hər ayın sonu élan ediləcək. Bu baxımdan Mərkəzi Bank oktyabrın sonunda hərracların nəticələri ilə bağlı məlumatı ictimaiyyətə təqdim edəcək ki, bu da manatın növbəti dövrdəki məzənnəsini proqnozlaşdırmaq imkanı verəcək. Əgər oktyabr ayında dollara tələb azalsa, eləcə də hərraca çıxarılan valyutanın həcmində artımlar varsa, o zaman manatın məzənnəsi stabil saxlana bilər. Amma dollara olan tələbin artması, xarici valyutanın yenidən bahalaşmasına səbəb ola bilər. Bu baxımdan oktyabr ayının nəticələrini gözləmək lazımdır. Hələlik isə Mərkəzi Bank və ARDNF hərraclarda aktivdir. Hər iki qurum tərəfindən hərraclara çıxarılan xarici valyuta, manata tələbin artması və dollar təklifinin azalması nəticə etibarilə milli valyutamızın məzənnəsinə müsbət təsir göstərməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə