Ekpsert MBNP Direktorlar Şurası sədrinin açıqlamalarını ŞƏRH ETDİ

Ekpsert MBNP Direktorlar Şurası sədrinin açıqlamalarını ŞƏRH ETDİ

"Ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfdən bankların kreditləşdirmə siyasətlərini normalllaşdırmaq istiqamətində atdığı addımlar bu sahədə məsuliyyətlilik prinsipinə əməl edilməli olduğu tələbini irəli çəkdiyindən olduqca əhəmiyyətlidir və alqışa layiqdir". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Pərviz Heydərov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının kreditləşmə və digər məsələlərlə bağlı səsləndirdiklərini şərh edərkən deyib.

O bildirib ki, ötən ayın əvvəlində MBNP-nin Direktorlar Şurasının qərarı ilə ölkədə xarici valyuta ilə istehlak kreditlərinin verilməsi 1 ay müddətinə dayandırılmışdı: "Qərarda deyilirdi ki, məhdudiyyət qoyulan müddət ərzində xarici valyutada istehlak kreditlərinin verilməsi sahəsində dərin, hərtərəfli təhlillər aparmaq və istehlakçıların hüquqlarının müdafiə və maliyyə sabitliyini təmin etmək məqsədilə tənzimləyici çərçivələr müəyyən ediləcək və ola bilsin də ki, MNBP qoyduğu qadağan müddətini hətta uzatsın. Belə ki, Palata müddəti uzatmaq hüququnu öz üzərində saxladığını bildirmişdi. Xarici valyutada kreditlərin verilməsinin dayandırılması, o cümlədən bununla əlaqədar görüləcək tədbirlər nəticəsində ölkədə nəhayət ki, borcvermə və borclanma sahəsində bir çox neqativ halların aradan götürüləcəyi, həmçinin valyuta bazarında da tələb olunan müvafiq sabitliyin əldə olunmasına şərait yaranacağı gözlənilən idi. Ancaq iş onda idi ki, bütün bunlar özünü dərhal büruzə verə bilməzdi. Müddət artıq, başa çatıb".

Ekspert qeyd edib ki, bu günlərdə MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayarkən aydın oldu ki, gözlənildiyi kimi yeni kreditləşmə modelinə əsasən də xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağan demək olar, qüvvədə qalacaq: "Belə ki, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyərsə, onlara xarici valyuta ilə kredit veriləcək, yerdə qalanlara isə yox. Bu da olduqca müsbət haldır. Sual oluna bilər ki, niyə? Məsələ bundadır ki, ölkədə bank sektorunda real vəziyyətin necə olduğu kifayət qədər aydındır. Konkret olaraq heç bir rəqəmə istinad etmədən sadə dillə qeyd etsək, faktiki olaraq kreditləşdirmə dayanıb, əmanətlər üzrə faizlərin ödənilməsi çətinləşib, əmanət cəlbi səmərəsiz bir hala gəlib çıxıb, vaxtilə verilmiş kreditlər üzrə borclar isə həllolunmaz bir səviyyəyə çatıb. Özü də bu vəziyyət heç də keçən ilki devalvasiyalar nəticəsində yaranmayıb. Azərbaycanda bank sektorunda mövcud problemlərin bir çoxu hələ bir neçə il öncədən mövcud idi. Keçən ilki devalvasiyalar isə sadəcə olaraq, bir növ "yaranın üstünü açdı".

Pərviz Heydərovun sözlərinə görə, bütün bu mənzərənin yaranması səbəblərindən biri də kreditləşdirmədə məsuliyyətsizlik yanaşması olub: "Belə ki, bu həm müştərilərə, yəni borc götürən tərəflərə, həm də borcverənlərə aiddir. Fəaliyyətini sırf istehlak kreditləri üzərində quran banklar təbii ki, gec-tez bu günki vəziyyətə düşməli idilər. Sual olunur: banklar istehlak kreditləri xarici valyuta ilə verməkdə niyə maraqlıdırlar? Çünki bu, əvvəla onların vəsaitlərinin çox hissəsinin hələ əhali əmanətlərini manatdan xarici valyutaya dəyişməmişdən öncə də sözügedən pul vahidi ilə təşkil etməsi səbəbindən irəli gəlirdi. Üstəlik, cari ilin yanvarın sonuna olan məlumata əsasən fiziki şəxslərin banklarda olan 8 milyard 600 milyon manat məbləğdən çox əmanətlərinin 7 milyard 200 milyondan çox hissəsi xarici valyuta ilə təşkil edirdi. Bunun da 80 %-dən çox hissəsi ABŞ dolları ilə idi. İkincisi də, nəzərə alsaq ki, bankların əsas gəlir mənbəyini istehlak kreditləri təşkil edir və həmin kreditlər də əhaliyə almaq istədikləri məhz o malların satışını maliyyələşdirməyə imkan yaradırki, həmin mallar da hamısı xarici valyuta ilə alınıb gətirilir, demək ki, əlavə izaha ehtiyac qalmır. Üçüncüsü isə devalvasiyadan sonra manatla kredit vermək banklar üçün ümumiyyətlə, riskə çevrilib. Odur ki, bankları əslində, qınamaq da olmurdu. Ancaq bunu mütləq aradan götürmək lazım idi. Söhbət yalnız xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin dayandırılmasından gedirdi. Biznes kreditlərinə isə bunun heç bir aidiyyati yox idi və olmayacaq".

"O ki qaldı, yaşayış minimumunun da nəzərə alınmasına və onun 3 mislinin hədəf göstəricisi kimi götürülməsinə bu, vətəndaşlarda da "normal kredit anlayışının" formalaşması üçün vacib şərtdir".

Bütün xəbərlər Facebook səhifəmizdə