“Yaşıl çay” FT MMC-də çay yığımına start verildi FOTOLAR

Cənub bölgəsində bu il çay yığımı apreldə başladı
“Yaşıl çay” FT MMC-də çay yığımına start verildi FOTOLAR

Cənub bölgəsində çay yığımına başlanıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran və Astara rayonlarının çay sahələrində ilk yığım prosesi ənənəvi olaraq may ayının ikinci ongünlüyündən başlanırdı. Lakin bu il əlverişli hava şəraiti və düzgün aqrotexniki qulluq fermerlərə çay yığımını aprel ayının son günlərində həyata keçirməyə imkan verib. Bu gündən "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-də də zərif fleşlərin yığımına start verilib. Təsərrüfatın aqronomu Ağəli Quliyevin sözlərinə görə, havaların əlverişli keçməsi, həmçinin sahələrə düzgün aqrotexniki qulluq göstərilməsi nəticəsində kollarda bol fleşlər yaranıb. Bu səbəbdən aprel ayında yığıma başlamışıq. Ən təcrübəli çaybecərənlrimiz bu işə cəlb olunub. Toplanan yaşıl çay yarpağı təsərrüfatın nəzdindəki emal sexinə göndərilir. Burada isə çay yarpağı bir neçə istehsal mərhəsindən keçərək emal edilir .

Qeyd edək ki, "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-də 61 hektar sahədə yerli şəraitə uyğunlaşdırılmış "Kolxida" çay sortu yetişdirilir. Onun 42 hektarında ilk dəfə keçən il seçmə üsulu ilə yığım aparılıb. 2015-ci ildə həm də ilk dəfə təsərrüfatın nəzdindəki emal sexində yüksək keyfiyyətli "Lənkəran çayı" brendi altında 4 növdə- "Gül çayı", "Buket çay", "Narın çay" və "Feyxoa çayı" istehsal edilərək satışıa çıxarılıb.

"Təsərrüfatın çay sahələri cavan olduğu üçün kollar tam məhsuldarlığa hələ bir neçə ildən sonra düşəcək. Bu da istehsalın növbəti illərdə dəfələrlə artmasına səbəb olacaq",-deyə Ağəli Quliyev bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə