ÜTT-yə qoşulmağa mane olan SƏBƏBLƏR

"Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmaq adi məsələ deyil. Orada müəyyən şərtlər var ki, gələcəkdə problemlərlə üzləşməmək üçün onlara əməl edilməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın yaradıldığını xatırladan millət vəkili söyləyib ki, hazırda ölkəmizin ÜTT-yə qoşulması ilə bağlı işlər gedir: "İşçi qrupu ilə bağlı bir neçə dəfə görüşlərimiz keçirilib, təkliflər, müəyyən məsələlərlə bağlı fakir mübadiləsi aparılıb. Hazırda ÜTT-yə üzv dövlətlərlə sənədlə imzalanır. Danışıqlar zamanı Azərbaycanın əmtəə və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür".

V. Əhmədov ÜTT-yə qoşulmaq üçün Azərbaycanın daxili bazarını qorumaq üçün idxal üsüllarına baxmalıyıq: "ÜTT-də idxal üsulları, kənd təsərrüfatı məhsullarının dünya bazrına çıxarılması ilə bağlı xüsusi maddələr var. Biz bunlara hazır olmalıyıq. Əgər biz hazırki idxal üsullarımızla ÜTT-yə qoşulsaq, o zaman biz ciddi problemlərlə qarşılaşa bilərik. Çünki hazırki idxal üsulumuz ÜTT-yə qoşulmaq imkanı vermir. Biz ilk növbədə bu problemləri aradan qaldırmalıyıq. Əks halda, biz öz məhsulumuzu sata bilmərik".

ÜTT-yə qoşulmağa mane olan səbəblərdən birinin kənd təsərrüfatı məhsullarının ixracatı ilə bağlı olduğunu dilə gətirən millət vəkili söyləyib ki, hazırda ölkəmizdə bu məhsulların ixracatının artırılması istiqamətində mühüm işlər aparılır: "Ümumiyyətlə, ÜTT-yə daxil olan ölkələrin hökuməti 3-5 il müddətinə vaxt götürməklə oradakı şərtlərlə bağlı hazırlıqlarını aparmağa çalışırlar. Hesab edirəm ki, ÜTT-yə qoşulmaqla bağlı son sənəd imzalandıqdan sonra Azərbaycan hökuməti də 3-5 il müddətinə vaxt götürməyə çalışmalıdır. Bu müddət ərzində mövcud problemləri həll etmək mümkündür. Biz tez bir zamanda problemləri həl edib ÜTT-yə qoşulmağa çalışmalıyıq. Çünki, ÜTT-yə qoşulmağın müsbət tərəfləri çoxdur . ÜTT inhisarçılığı aradan qaldırmaqla yanaşı, daxili bazarda müəyyən qayda qanun yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə