“AtaTravel” beynəlxalq sərgidə iştirak edib

“AtaTravel” beynəlxalq sərgidə iştirak edib

"AtaTravel" MMC Moskvada keçirilən Conde Nast Traveller Luxury Travel Fair beynəlxalq sərgisində iştirak edib. Lüks klass turizminin bütün aspektlərinə həsr olunmuş bu sərgi 22 mart 2016-cı il tarixində baş tutub. Sərgi çərçivəsində bir günlük lüks klass turizm biznesinin peşəkarlarını bir araya gətirən qapalı tədbir keçirilib.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etmişdir ki, bu tədbir turizmlə məşğul olan təşkilatlar üçün mühüm əhəmiyyətə malikdir, belə ki, sərgi iştirakçıları yeni tərəfdaşlarla tanış olur, işgüzar əlaqələr qurur və öz peşə təcrübələrini genişləndirirlər. Şirkətimiz "Conde Nast Traveller Luxury Travel Fair" sərgisində rus və ingilis dillərində prezentasiya materialları ilə təqdim olunmuşdu". "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bildirmişdir ki, Yaponiyanın ən iri turizm şirkəti olan H.İ.S. İnternational Tours.ru-nun nümayəndəsi Maruf Umarov ilə qarşılıqlı əməkdaşlıqla bağlı uğurlu danışıqlar aparmışdır. Görüş zamanı Vüsal Əliyev Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, qonaqpərvər insanları haqqında məlumat vermişdir. Danışıqların yekununda əməkdaşlıq çərçivəsində qarşılıqlı info turların keçirilməsi planlaşdırılıb. "Excelsior Hotel Baku" oteli infoturun tərəfdaşı kimi iştirak edəcək.

Conde Nast Traveller Luxury Travel Fair sərgisinin iştirakçıları turizm biznesinin inkişaf sahəsindəki ən yeni meyillər haqqında məlumatlandılar, ona yaxın sahələrin nümayəndələri ilə təcrübə mübadiləsi apardılar, dünyanın müxtəlif yerlərindən gəlmiş turizm üzrə nüfuzlu mütəxəssislərin mühazirələrində iştirak etdilər. Sərgidə Azərbaycandan, Rusiyadan, Ukraynadan, Belarusdan, Gürcüstandan, Qazaxıstandan, Litvadan, Latviyadan və Estoniyadan professional seçim keçmiş 800-dən artıq qabaqcıl turizm sənayesi nümayəndəsi, elit turizminin müxtəlif kateqoriyalarında xidmət liderləri: mehmanxana şəbəkələri və assosiasiyaları, lüks klass otel və kurortları, konsyerj xidmətləri, aviaşirkətlər və biznes-aviasiya, tibbi və spa-klinikalar, kruiz şirkətləri, yaxta və limuzinlərin icarəsi, eksklüziv villaların icarəsi, turizm sahəsində eksklüziv mal və xidmətlər göstərən şirkətlər təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə