Avtovağzal yaxınlığında yol yenidən çökdü

Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb
Avtovağzal yaxınlığında yol yenidən çökdü

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolda əmələ gələn çatlar yağan güclü yağışdan sonra daha da genişlənib. Yolun Sumqayıt tərəfə olan hissəsində təxminən 5 metrlik məsafədə 10 santimetrlik yeni çat əmələ gəlib. ''Azəryolservis''dən isə bildirilib ki, çatın genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin suvarılmasıdır.

Bakı-Sumqayıt yolunda yeni çatlar əmələ gəlib. Əvvəllər yolun Bakıya doğru hissəsində çatlar var idisə, bu dəfə Sumqayıt istiqamətində də yol çatlayıb. Yağan güclü yağış və avtomobillərin yolda intensiv hərəkəti Bakı-Sumqayıt yolunun üzü Sumqayıta olan hissəsində yaranan çatların genişlənməsinə səbəb olub. Bu isə yolda hərəkət edən avtomobillərə maneə yaradır.

''Azəryolservis'' Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəflinin sözlərinə görə isə yolda yaranan çat yeni deyil. Çökmənin gündən-günə genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin vaxtaşırı suvarılmasıdır.

Bu arada, Beynəlxalq Avtovağzal kompleksi yanında çökmə baş verən ərazidə təmir-bərkitmə işləri davam etdirilir. Sürüşmə zolağında bərkitmə işləri tam başa çatdırıldıqdan sonra Bakı-Sumqayıt yolunun hər iki hissəsinin əsaslı təmirinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə