Rusiya 2017-ci ildə çökəcək? İqtisadi şərh

Rusiya 2017-ci ildə çökəcək? İqtisadi şərh

"ABŞ-ın Corc Soros Fondunun Rusiya iqtisadiyyatının 2017-ci ildə çökməsi ilə bağlı iddiasının nə dərəcədə düzgün olacağını zaman göstərəcək. Lakin deyə bilərik ki, hazırda Rusiyanın iqtisadi vəziyyəti heç də yaxşı deyil". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, enerji resurslarının qiymətinin aşağı düşməsi, Rusiya iqtisadiyyatına neqativ təsir göstərib: "Rusiya bahalı enerji məhsulları hasil edən ölkələrdəndir. Rusiyada enerji resurslarının maya dəyəri Yaxın Şərq ölkələri ilə müqayisədə daha yüksəkdir. Digər tərəfdən sanksiyalar fonunda investisiyaların Rusiya iqtisadiyyatını tərk etməsi ölkə üçün böyük zərbə oldu. Sanksiyalar tətbiq edilən ili Rusiya iqtisadiyyatını təqribən 200 milyard dollara yaxın sərmayə tərk etdi və bu proses sonrakı illərdə daha da sürətləndi. Əgər sanksiyalar uzanar, enerji resurslarının, eləcə də neftin qiyməti aşağı səviyyədə qalarsa, 2017-ci il Rusiya iqtisadiyyatı üçün kifayət qədər ağır olacaq".

Rusiyadakı vəziyyətin Azərbaycana olan təsirlərinə gəlincə, V. Bayramov söyləyib ki, ölkəmiz qonşu dövlətin iqtisadi vəziyyətinin pisləşməsində maraqlı ölkə deyil: "Rusiya ölkəmizin qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan-Rusiya arasında iqtisadi əlaqələr ölkəmizin Rusiyadan idxalı və ixracı formasında özünü göstərir. Bundan əlavə, ilkin qiymətləndirməyə görə, Rusiyada 400 min azərbaycanlı yaşayır və fəaliyyət göstərir. Bu kifayət qədər böyük rəqəmdir. Buna görə deyə bilərik ki, Rusiyanın iqtisadi vəziyyətinin pisləşməsi, ölkəmizin iqtisadi maraqlarına uyğun deyil. Bütün hallarda Rusiya bizim qonşumuzdur. Rusiyaya il ərzində 1.7 milyard dollar məhsul ixrac edirik. Bunların bir qismi qeyri neft məhsullarının payına düşür. Azərbaycan işğalçı Ermənistandan başqa digər qonşu dövlətlərin iqtisadi vəziyyətinin yaxşı olmasında maraqlıdır ki, ölkəmizə mənfi təsir göstərməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə