Millət vəkili: "Davos ölkələrə öz iqtisadi potensialını təqdim etməyə imkan verir" MÜNASİBƏT

Millət vəkili: "Davos ölkələrə öz iqtisadi potensialını təqdim etməyə imkan verir" MÜNASİBƏT

"1971- ci ildə əsası qoyulmuş Davos İqtisadi Forumu dünya iqtisadi sistemində baş verən dəyişikliklərin və eləcə də yeni imkanların müzakirə olunması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın foruma qatılmağı 1995-ci ilə təsadüf edir ki, bu da Azərbaycanın güclü iqtisadi gücə malik ölkə olduğunun göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Davosda baş tutmuş 46-cı Dünya İqtisadi Forumunda dünya ölkələrinin rəqabət qabiliyyətliyinə görə Azərbaycanın 40-cı yerdə, MDB məkanında 1-ci yerdə qərarlaşması da bir daha ölkəmizin güclü iqtisadiyyatından xəbər verir: "Ümumiyyətlə Dünya İqtisadi Forumu ölkələrə öz iqtisadi potensialını təqdim etməyə imkan verir ki, bu da xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasında böyük rol oynayır. Neft gəlirlərinin azalması, manatın məzənnəsinin zəifləməsi, valyuta ehtiyatlarının azalması ilə ölkədə vəziyyət bir az çətinləşib və bu vəziyyətdən çıxmağın ən səmərəli yolu xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsidir. Ona görə də hazırda sözügedən Forum Azərbaycan üçün olduqca əhəmiyyətlidir".

Azər Badamov dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin neft istehsal edən ölkələrə təsirinə də münasibət bildirərək qeyd edib ki, neft ixrac edən ölkələrin iqtisadiyyatları müəyyən çətinliklərlə qarşı qarşıyadır: "Düşünürəm ki, məhz belə bir şəraitdə Dünya İqtisadi Forumunda aparılan müzakirələr çox vacibdir. Böyük enerji istehsalçıları vahid bir qərara gəlməklə bu işə öz töhfəsini verəcəklərinə inanırıq. Səfər çərçivəsində Prezident İlham Əliyev bir neçə ölkənin prezidenti, rəsmilər və dünyanın aparıcı şirkətlərinin rəhbərləri görüşlər keçirmiş, məlum vəziyyətdən çıxış yollarını müzakirə etmişdir. Ölkəmizə xarici investisyaların cəlb edilməsi baxımından forum əvəzsiz rol oynayır. İnanırıq ki, Dünya İqtisadi Forumundan sonra qeyri neft sektoruna xarici investisyaların yönləndirilməsi sürətlənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə