“Azərbaycan Avropa-Asiya körpüsünün yaradılmasında iştirak edə bilər AÇIQLAMA
"Azərbaycan üçün beynəlxalq yükdaşımalar prioritet məsələlərdəndir". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramlı Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın tranzit ölkə kimi artan rolu barədə açıqlama verərkən deyib.
Vüqar Bayramlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin oktyabrında beynəlxalq yükdaşımalarda proseduraların sadələşdirilməsi, yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması, mövcud tarif qiymətlərinə yenidən baxılaraq azaldılması, eyni zamanda tranzit yükdaşımalarda elektron hökumət xidmətindən istifadə haqqında tapşırıqlarını verib: "Ələtdə xüsusi limanın tikilməsi ilə Azərbaycanın infrastrukturu genişlənir və bu, birmənalı olaraq imkan verir ki, Azərbaycan beynəlxalq yükdaşımalarının həcmini artıra bilsin".
Ekspertin sözlərinə görə, Azərbaycan tranzit ölkə olaraq Avropa və Asiya arasında körpünün yaradılmasında iştirak edə bilər: "Belə olan halda tək Türkiyə deyil digər ölkələr də Azərbaycan üzərindən mallarını Orta Asiya ölkələrinə, eyni zamanda Orta Asiya ölkələri də öz mallarını ölkəmiz üzərindən Türkiyə və Avropa bazarlarına çıxara biləcək. Yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi ilə bağlı son işlər tamamlanacaq. Bu dəmiryolu xəttindən istifadə digər ölkələrin işini asanlaşdıracaq, eyni zamanda bu onlara kifayət qədər ucuz başa gələcək. Azərbaycanın dövlət büdcəsi bu sahədən daha çox gəlir əldə edəcək. Beynəlxalq yükdaşımalardan gələn gəlir həm Azərbaycanın dövlət büdcəsinin, həm də büdcədə qeyri-neft sektorunun payının artmasına müsbət təsir göstərəcək. Neftdən asılılığın aradan qaldırılmasına da ciddi töhfə verəcək. Nəzərə alsaq ki, hazırda neftin satış qiyməti çox aşağıdır, Azərbaycanın beynəlxalq yükdaşımalara ev sahibliyi etməsi dövlət gəlirlərinin neftsiz də formalaşa bilməsi üçün real baza yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB