İqtisadçı: “Bizdə vergi mədəniyyəti tam formalaşmayıb” AÇIQLAMA

"Məqsədlərini həyata keçirmək naminə bütün yollara əl atırlar"
İqtisadçı: “Bizdə vergi mədəniyyəti tam formalaşmayıb” AÇIQLAMA

"Müstəqilliyin əldə edilməsindən sonra ölkədə Ulu Öndər Heydər Əliyev tərəfindən bazar iqtisadiyyatına keçid, ölkədə sahibkarlığın, özəl sektorun inkişafına xüsusi diqqətin dövrü başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən xarici investorların ölkəyə gətirilməsi, xarici valyutanın ölkə iqtisadiyyatına daxil olmasını şərtləndirdi". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, makroiqtisadiyyatın əsas tələblərindən biri, sırf bazar iqtisadiyyatına keçmiş ölkələr üçün sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılmasıdır: "Uzun illərin təcrübəsindən çıxmış iqtisadi modellərin ən yaxşısını tətbiq etmək Ulu Öndər Heydər Əliyevin uzaq görən və müdrik siyasətinin nəticəsi idi. Müasir Azərbaycanın banisinin 1993-2003-cü illərdə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarılığın inkişafı, neft və qeyri-neft sektorunda, sığorta-pensiya sistemində, sosial vəziyyətin yaxşılaşdırılması, vergi və gömrük sistemində apardığı islahatlar ölkə iqtisadiyyatına yeni nəfəs verdi. Təxirə salınmaz sərəncəmlar, fərmanların verilməsi və qanunvericilikdə dəyişiklər nəticəsində dünyanın bir çox ölkələrində yaşayan həm xarici, həm də yerli investorların Azərbaycana axını başladı. Əsrin müqaviləsinin imzalanması da özü-özlüyündə yuxarıda sadalanan bütün sektorların inkişafı üçün bir dayaq idi.

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi irsinin layiqli davamçısı Prezident İlham Əliyev müasir Azərbaycanı dünyanın iqtisadi baxımdan ən rəqabətqabiliyyətli ölkələr siyahısına saldı: "Dünya İqtisadi Forumunda yaxın zamanlara qədər Azərbaycanın MDB ölkələri arasında ilk pillədə yer alması, makroiqtisadi mühit və sahibkarlıq mühiti üzrə yüksək ballarla qiymətləndirildi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışı qısa müddət ərzində strateji və real baxımdan effekt verməyə başladı. İlk növbədə lisenziyalarla bağlı nitq söyləyən Prezident sahibkarlığın inkişafına əngəl törədildiyini bildirdi. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olundu. Xüsusi olaraq qeyd etmək istərdim ki, "Biz bazar iqtisadiyyatı yolu ilə gedirik" cümləsi bir daha onu təsdiq edir ki, cənab Prezident bazar iqtisadiyyatı şəraitini və mühitini dərindən dərk edir və ölkədə ciddi islahatların keçirilməsinin şərt olmasını bildirir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə 50 dən bir qədər çox sahə üzrə 100-dən artıq lisenziya vardır. Təbii ki, bu hal neqativ risk yaradır. Liberal iqtisadiyyata malik olan ölkələrdə 10-dan artıq lisenziya növü yoxdur. Yalnız ölkə əhalisinin qida təhlükəsizliyi, xüsusi dərman preparatlarının keyfiyyətini müəyyən edən sahələr üzrə lisenziyalar dünya təcrübəsində yer alır. Fərəhverici haldır ki, cənab Prezident müşavirədə bu məsələyə toxundu və etiraf etmək lazım idi ki, prezidentin nitqinə qədər bu məsələ digər məsələlər qədər aktual deyildi".

N.Hacızadə bildirib ki, daha bir aktuallığını daima qoruyan məsələ vergi və gömrük tənzimləmələri ilə bağlıdır: "Etiraf etmək lazımdır ki, bizdə vergi mədəniyyəti tam olaraq formalaşmayıb. İqtisadçı olaraq mən burada günahı müvafiq qurumlarda yox, sırf sahibkarların özlərində görürəm. Nəzərə almaq lazımdır ki, vergi və gömrük orqanlarında müşahidə olunan neqativ hallar sahibkarlıqla fəaliyyət göstərən subyektlərdən çox deyil. Çünki sahibarklıq və biznes mühitindən, xüsusilə bazar iqtisadiyyatı adı altında süni qiymət artımları edən, öz vergi bəyənnamələrində düzgün qeydiyyat aparmayan sahibkarlar vergi orqanlarının onları incitdiklərini deyirlər, halbuki, həmin sahibkarlar heç özləri düzgün sahibkarlıqla məşğul olmurlar, artıq tamaha sahibdirlər və mənfəət normasını daha çox əldə edirlər. Ölkə Prezidentinin xüsusi göstərişləri nəticəsində hər iki tərəfin hüquqlarının qorunması yolları araşdırıldı və müvafiq göstərişlər verildi. Vergi yoxlamaları istisna olmaqla bütün növ yoxlamaların 2 il müddətinə dayandırılması qanun layihəsi Milli Məclisə təqdim edildi. Bundan əlavə, ilkin dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş vergi ödəyicilərinə müvəqqəti olaraq səyyar vergi yoxlamalarının aparılması dayandırıldı. Statistik göstəricilərə əsasən bu qərar 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Vergilər Nazirliyinin 2015-ci ilin son 9 ayının statistik göstəricilərinə əsasən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsait daxil olub ki, bu da proqnozun 100,5%-ə əməl edildiyini göstərir. İqtisadiyyatın diversifikasiyasını əsas vəzifə hesab edərək neft-qaz asılığının azaldılması prosesi davam edir ki, qeyri-neft sektoru üzrə vergi daxil olmaları 3 milyard 488 milyon manat, ümumi daxil olmaların 58,7%-ni təşkil edir. Təbii ki, yoxlamaların müvəqqəti dayandırılması zamanı bir sıra sahibkarların sui-istifadə halları yaratması gözlənilən haldır. Dünya praktikasında vergi tənzimləmələrində və nizam-intizamın qorunmasında sahibkarlara yüksək cərimələr və sanksiyalar tətbiq olunur. ABŞ təcrübəsində biz bunu görə bilərik. Vergi mədəniyyətinin inkişafı və nizam-intizamın gücləndirilməsi cəhətdən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozmalarına yol verirsə yüksək məbləğdə sanksiya tətbiq olunması nəzərdə tutulur. Birinci mərhələ 2000 manatdır ki, ötən illə müqayisədə 20% çoxdur. İkinci dəfə üçün isə 5 dəfə çox 4000 manatadək təklif olunur. Sahibkarlıqda yeni mərhələ başlandı. Bütün bunlar iqtisadiyyatın tam liberallaşdırılması, qeyri neft sektorunun inkişafı, Ümum daxili məhsulda qeyri-neft sektorundan gələn gəlirlərin daha çox faizə sahib olması, iqtisadi diversifikasiya və dövlət büdcəsinə vergidən daxil olmaların, xüsusilə qeyri-neft sektorundan daxil olan vergilərin artırılması üzrə ciddi addımlar atılmaqdadır.

O əlavə edib ki, bütün sektorlar üzrə elektronlaşma, avtomatlaşdırma sisteminin tətbiq olunması və lisenziyaların ASAN xidmətə həvalə edilməsi sahibkarlara süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək: "Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyət göstərən ASAN xidmət ölkədə neqativ halların aradan qaldırılması üçün dünya praktikasında nümunə göstərilən bir sistemdir. Elektron lisenziya portalının yaradılması sahibkarlar üçün xüsusi razılıq, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada alınmasını sürətləndirəcək.

Son aparılan islahatlar dünyada baş verən böhran dövründə ölkəmizdə iqtisadi inkişaf tempini saxlayacaq. Nəzərə almaq lazımdır ki, dünya bazarlarında enerji məhsullarının qiymətlərində yetəri qədər enmələr var. Ölkə Prezidenti də həmçinin regionlara səfərləri zamanı nitqində 2016-cı ilin bizim üçün çətin olacağını vurğuladı, buna rəğmən qeyd etdi ki, bunu Azərbaycan xalqı hiss etməyəcək. Beynəlxalq təşkilatların da proqnozu ölkəmizin iqtisadi dayanıqlılığını bir daha özündə ehtiva edir. 2016-cı ildə 1,8% artım proqnozu hətta Avropa üçün nəzərdə tutulan göstəricidən daha çox olacaq. Çünki enerji məhsullarının enməsində iqtisadi faktorla bərabər, siyasi amillərdə var. İnsan haqlarından danışan, demokratiya dəyərlərini anlamayan ölkələr öz məqsədlərini həyata keçirmək naminə bütün yollara əl atırlar. Ancaq ölkəmizdə dayanıqlı iqtisadi institutların olması, dövlətçilik maraqlarını daima ön planda saxlayan vətəndaş cəmiyyətlərinin mövcudluğu Azərbaycanın həm siyasi, həm iqtisadi, həmçinin tolerantlılıq, dini dözümlülük baxımından sütunlarına düşmənlər tərəfindən zərbə dəyməsinə imkan verməyəcək. Bu baxımdan qlobal və regional təhlükələrin dövriyyəsində Prezidentin siyasi iradəsi bizi bir daha digər böhranlarda olduğu kimi, çətinliklərdən çıxardacaq və neftin dünya bazarındakı qiymətinin aşağı səviyyədə qalması təsirlərindən sığortalayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə