Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi təsdiq olunub. SİA-nın məlumatına görə, maliyyə naziri Samir Şərifov çıxış edərək, Milli Məclisdəki müzakirələr və təkliflərdən sonra hökumətin hazırladığı 2016-cı ilin büdcə layihəsi haqda məlumat verib. O bildirib ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələri bütün komitələrdə və plenar iclaslarda müzakirə edilib: "Milli Məclisdə layihəyə yüksək qiymət verilib və bir sıra məsələlər, təkliflər irəli sürülüb. Qaldırılan bütün məsələlərə baxılıb. Məlum olub ki, bir çox təkliflər büdcə layihəsi ilə əlaqəli deyil, Azərbaycanın inkişaf konsepsiyasına aiddir.
Bəzi təkliflər isə dövlətin diqqət mərkəzində saxlanılır və növbəti illərin dövlət büdcəsində mərhələli şəkildə həyata keçiriləcək.
Qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması üçün təkliflər isə nəzərə alınaraq, 2016-cı ilin büdcə layihəsində bu istiqamətdə xərclər 50 faiz artırılıb, 150 milyona manata çatdırılıb. Bu, Dövlət Neft Fondundan transfer olunan məbləğin artırılması hesabına həyata keçiriləcək".
Səsvermə keçirilərək "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB