Biznes inkubatorun fəaliyyəti müzakirə edilib

Biznes inkubatorun fəaliyyəti müzakirə edilib

Oktyabrın 19-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin birinci ilinin yekunlarına həsr olunmuş "Biznes inkubatorun gənc sahibkarlığın inkişafında rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, biznes inkubatorun iştirakçıları, eləcə də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Qeyd edilib ki, ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4631 gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. Bildirilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında ölkədə biznes inkubatorların yaradılması öz əksini tapıb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən Sahib Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilən tədbirlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb, ölkə regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu, onların inkişafı üçün şəraitin yaxşılaşdırılması, məşğulluğun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubatorun fəaliyyət istiqamətləri barədə məlumat vermiş, biznes inkubator üçün növbəti iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edildiyini və sənəd qəbulunun davam etdiyini qeyd etmiş, müsabiqə şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə