Azərbaycanda sənaye istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında 19,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 7,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,4 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,0 faiz artıb, neft hasilatı isə 2,1 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 74,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 97,2 faiz, poliqrafiya məhsullarının istehsalı 76,3 faiz, tikinti materiallarının istehsalı 12,2 faiz, metallurgiya məhsullarının istehsalı 5,1 faiz, hazır metal məhsullarının istehsalı 62,0 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 71,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,8 faiz, mebel istehsalı 5,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,8 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,2 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə