"2004-2014-cü illər qızıl dekada kimi yadda qalacaq"

"2004-2014-cü illər qızıl dekada kimi yadda qalacaq"

"2016-cı ilin büdcə layihəsi ortamüddətli dövrdə Azərbaycan hökumətinin həyata keçirəcəyi makroiqtisadi və sosial iqtisadi siyasətin əsas məzmununu və başlıca istiqamətlərini özündə göstərir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisinin plenar iclasında deyib. O, 2004-2014-cü illəri əhatə edən dövrün iqtisadi quruculuq tarixində qızıl dekada kimi yadda qalacağını bildirib: "Bu dekadanın müəllifi Prezident İlham Əliyedir. Məhz Onun rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin irsinə arxalanan yeni iqtisadi inkişaf və modernizasiya strategiyası müvəffəqiyyətlə həyata keçirilib. Azərbaycan sürətli iqtisadi artıma nail olaraq, özü ilə inkişaf etmiş ölkələr və bir sıra inkişaf etməkdə olan ölkələr arasında olan iqtisadi inkişaf və sosial həyat standartları normaları arasında olan fərqləri azalda bilib".

O vurğulayıb ki, 2014-cü ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 mlrd. dollar olub. E.Rüstəmov yüksək dollarlaşma səbəbindən AMB-nin valyuta ehtiyatlarının azaldığını qeyd edib.

Baş bankir valyuta ehtiyatlarının daxili bazardan alındığını vurğulayıb: "Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir.

AMB-nin valyuta ehtiyatları 7 mlrd. dollardır ki, bu göstərici beynəlxalq normalara uyğundur.

(AMB) İdarə Heyətinin sədri deyib ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır. Onun sözlərinə görə, bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir və bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparılır.

E.Rüstəmov bildirib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.

Onu sözlərinə görə, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq.

Baş bankir qeyd edib ki, 2011-ci ildə tədiyyə balansı 17 milyard olub: "2015-ci ilin sonunda isə tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə