Nazir: “Uğurlu islahatlar iqtisadiyyatımızın inkişaf tempinin azalmasına imkan verməyib”

Nazir: “Uğurlu islahatlar iqtisadiyyatımızın inkişaf tempinin azalmasına imkan verməyib”

Xəbər verdiyimiz kimi, Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur. SİA-nın məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov sözügedən qanun layihəsi haqqında məlumat verib. O bildirib ki, neft və qaz xammalının qiymətinin kəskin aşağı düşməsi və regionda olan qonşu ölkələrin milli valyutalarının xeyli ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir göstərib. Nazir qeyd edib ki, buna baxmayaraq, ölkəmizdə bu istiqamətdə aparılan uğurlu islahatlar iqtisadiyyatımızın inkişaf tempinin azalmasına imkan verməyib. Onun sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsində sosial yönümlülük saxlanılıb və bu istiqamətdə lazımi maliyyə ayrılıb.

S. Şərifov növbəti ilin büdcə layihəsinin göstəriciləri haqqında məlumat verib: "2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq. 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir. Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfer nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır".

Daha sonra nazir 2016-cı ilin büdcəsindən ölkəmizdə müxtəlif sahələrin inkişafı istiqamətində ayrılacaq maliyyə vəsaitləri və digər göstəricilər haqqında məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə