Vergilər Nazirliyində dəyirmi masa keçirilib

”Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti” mövzusu müzakirə edilib
Vergilər Nazirliyində dəyirmi masa keçirilib

Bu gün Vergilər Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Sülh aylığı" çərçivəsində "Azərbaycanın vergi jurnalı" redaksiyası tərəfindən "Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti" mövzusunda Dəyirmi Masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanı), Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AMEA-nın İnsan Hüquqları İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun, Konstitusiya Araşdırmalar Fondunun nümayəndələri və Vergilər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

Qeyd olunub ki, aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Bu gün Azərbaycan sabitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır və bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir. "Sülh aylığı" çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verməkdədir.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri vergi ödəyiciləri üçün yaradılmış əlverişli hüquqi baza, onların öz hüquqlarını müdafiə etməsi üçün yaradılmış imkanlar barədə danışıb. Qeyd olunub ki, İnsan hüquqları sahəsində təşkil edilən tədbirlərdə, o cümlədən ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramının həyata keçirilməsində Vergilər Nazirliyinin müstəsna rolu vardır. Nazirlik insan hüquqlarının, eləcə də vergi ödəyicilərinin hüquqlarının müdafiəsi sahəsində mühüm islahatlar həyata keçirir. Son illər Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti sahibkarlığın inkişafını stimullaşdırmağa, onların hüquqlarının qorunmasına yönəldilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə