Bu kəndlərə də qaz verildi

Avqustun 28-də Füzuli rayonunun Araz Zərgər və Araz Dilağardı, Biləsuvar rayonunun Muğan və Yuxarı Ağalı kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibəti ilə tədbirlər keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, rayon icra hakimiyyətləri və "Azəriqaz" İstehsalat Birliyi təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirlərdə bildirilib ki, Füzuli rayonunun 43 abonenti olan Araz Zərgər və 246 abonenti olan Araz Dilağardı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Biləsuvar rayonunun Muğan kəndinin 71 abonentinin qazlaşdırılması üçün 3000 metrlik polietilen və 5248 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 71 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 170 abonenti olan Yuxarı Ağalı kəndinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında 12426 metr uzunluğunda qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin edilib.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə