"Azərbaycanın beynəlxalq aləmdə xarici ticarət dövriyyəsində ciddi artım və inkişaf müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, xarici ticarət əlaqələrinin dinamikasına diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın ixracat və idxal sahəsində qısa müddətdə çox böyük yol qət edən azsaylı ölkələrdən biridir: "Əgər 1992-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi cəmi 2.4 milyard dollar idisə, 2014-cü ildə bu rəqəm 40 milyard dollara yaxın olub. Yəni Azərbaycan müstəqillik qazandıqdan sonra öz ticarət dövriyyəsini 17 dəfə artırıb. Eyni zamanda ticarət dövriyyəsindəki artımlar Azərbaycanın xarici ölkələrlə əməkdaşlığın artmasına da gətirib çıxardı. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsi yeni mərhələyə qədəm qoyub. Əgər 2003-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 5.2 milyard manat idisə, cəmi 3 il sonra bu rəqəm 12 milyard dollara çatdı".
İqtisadçı ekspert Azərbaycanın xarici ticarət dövriyyəsində ən çox hansı dövlətlərlə iqtisadi əlaqələr qurduğundan da danışıb: "Bu gün ölkəmiz xarici ticari əlaqələr qurduğu və əməkdaşlıq etdiyi ölkələrin sayına artırıb. Daha çox MDB ölkələri arasında olan ticari dövriyyəmizdə artımlar müşahidə olunur. Rusiya, Türkiyə, Yaxın Şərq ölkələri Azərbaycanın yaxın ticari əməkdaşlıq qurduğu ölkələr sırasına daxildir. Xüsusilə Türkiyə-Azərbaycan ixracatında Türkiyənin payı kifayət qədər yüksəkdir. Son illər Azərbaycan Avropa Birliyi ölkələrilə də ticari dövriyyəsini artırıb. Xarici ticarət dövriyyəsinin təqribən yarıdan çoxunu Avropa Birliyi ölkələri təşkil edir. Hazırda Azərbaycan Mərkəzi Avropa ölkələri də daxil olamaqla dünyanın bir çox inkişaf etmiş ölkələrinə investisiyalar yönəldir. Son illərin tendensiyası göstərir ki, Azərbaycan birmənalı şəkildə xarici ticarət əlaqələrində regionda aparıcı mövqe tutur. Bu gün xarici siyasətin inkişaf etməsi, Azərbaycanın öz imkanlarını artırması və ölkəyə daxil olan xarici valyuta axınının sayını artırması ilə bağlı aparılan iqtisadi islahatlar öz nəticəsini verməkdədir. Azərbaycan hər il əvvəlkinə nisbətən daha inkişaf etmiş dövlətə çevrilir və daha genişlənmiş beynəlxalq iqtisadi əlaqələrə malik olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB