Əli Məsimli: “ Prezident neft amilinin rolunu inkar etmir, sadəcə onu real məzmunda təqdim edir” AÇIQLAMA

Əli Məsimli: “ Prezident neft amilinin rolunu inkar etmir, sadəcə onu real məzmunda təqdim edir” AÇIQLAMA
"Prezident çıxışında aydınca bildirib ki, "təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Prezident İlham Əliyevin Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin açılışında çıxışı zamanı neftlə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu, tamamilə düzgün yanaşmadır: "Yəni, bu çıxışda insan amili, Azərbaycanın neftdən əlavə olan digər potensial imkanları, xüsusən də bölgələrimizin unikal imkanları önə çəkilir. Neft-qaz hasilatı Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir. 2014-cü ilin yekunlarına görə, ÜDM-in 40 faizə qədəri, sənayenin 70 faizə yaxını, eksportun 90 faizindən çoxu bu sahənin payına düşür. Ona görə də, bu sahədəki enmələr və aşağı artım templəri bütövlükdə ölkə iqtisadiyyatının artım templərinin zəifləməsində həlledici rol oynayır. Yanacaq-energetika kompleksinin üstün inkişafına əsaslanan Azərbaycan iqtisadiyyatı, 10 ildən artıq neft amilinin hesabına qeyri-adi templərlə sürətli artımından sonra, 2010-cu ildən sonra neft hasilatı pik nöqtəsindən enmə mərhələsinə daxıl olduğundan, yeni çağırışla qarşılaşıb. Prezident də növbəti dəfə öz çıxışında həmin yeni çağırışların mahiyyətini izah edib. Çıxışın tam mətninə diqqət etdikdə görürük ki, Prezidentin təsvir etdiyi Azərbaycanın perspektiv inkişafına yönəlik optimal inkişaf modeli əslində neft amilinin rolunu və əhəmiyyətini inkar etmir, sadəcə onu real məzmunda təqdim edir.Neft amilini Azərbaycan iqtisadiyyatının reallığı saymaqla,həm də bu reallığın dünya bazarında neftin qiyməti aşağı düşərkən ölkəmizin gəlirlərinə necə təsir etdiyini ortaya qoyur.Ona görə də Prezidentin çıxışında neft gəlirlərindən səmərəli istifadə edərək insan amilinin və daim gəlir gətirə bilən sahələrin inkişafının önə çıxarılmasını davamlı inkişafın əsas şərti kimi götürür. Cənab İlham Əliyevin sözügedən çıxışı hazırkı reallıqlar şəraitində neft-qaz gəlirlərinin önəmli hissəsinin elmin, elmi texniki nailiyyətlərin cəmiyyət həyatının bütün sahələrinə tətbiqinin sürətləndirilməsi işinə, regionların zəngin potensialından istiafadənin səmərəliliyinin artırılmasına,turizmin və bununla bağlı səhiyyənin, mədəniyyətin inkişafına, yerlərdə istehsalın genişləndirilməsinə və sair bu kimi istiqamətlərə yönəldilməsi prosesi daha səmərəli variantlarda davam etdiriləcəyinə işarədir. Məsələn, Prezidentin çıxışında geniş yer verilən turizm dünyada daha çox gəlir gətirən sahələr sırasında 2-ci yeri tutur. İşlər düzgün təşkil edildikdə turizm sahəsində açılan bir iş yeri həm turizmin, həm xidmət,həm xalq sənətkkarlığı və digər sahələrdə 5-7 əlavə iş yerinin açılmasına gətrib çıxarır. İkinci misalımızın nəticələri istehsal sahələrində öz-özlüyündə aydın olduğundan, elə görünür ki, Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksin timsalında belə işləri düzgün təşkil etməklə elmi texniki tərəqqiyə və innovasiyalı inkişafa yönəldilən hər manat multiplikativ effekt mexanizmi vasitəsilə əlavə olaraq 15-20 manat gəlir gətir bilər. Neftdənkənar sahələrin bu cür inkişafı ölkənin ümumi daxili məhsulunda həmin sahələrin payını artıracaq ki, bu zaman da Prezidentin dediyi kimi, dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatına, gəlirlərimizə indiki kimi ciddi təsir göstərə bilməyəcək. Azərbaycanın insan, resurs və inteqrasiya potensialı əhalisinin sayına münasibətdə xeyli dərəcədə yüksək olduğundan, islahatların yeni mərhələsinə başlayıb sistemli tədbirlər və mövcud neqativlərin aradan qaldırılması hesabına neftdənkənar sahələrin rəqabətqabiliyyətli inkişafına nail olmaq realdır. Getdikcə qloballaşan və qeyri müəyyənliyə meyllənən dünyada əsas risk, təhlükə və çağırışları lazımınca dəyərləndirməklə Azərbaycanın neftdən başqa mövcud olan digər potensial imkanlarını da hərəkətə gətirib, insan amilini önə çəkməklə və dolğun şəkildə reallaşmasına şərait yaratmaqla, Azərbaycan xalqının özünüqoruma və inkişaf qabiliyyətinin gücləndirilməsində,rəqabət qabiliyyətli iqtisadi strukturun formalaşmasında və bu əsasda ölkənin potensialına uyğun gələn layiqli həyat səviyyəsinin təmin edilməsində nəzərəçarpan dəyişikliklərə nail olmaq olar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə