Arıçılıqla bağlı konfrans keçirilib

Arıçılıqla bağlı konfrans keçirilib

09-11 iyun 2015-ci il tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (ARKTN), Aqrar Elm Mərkəzinin və Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun təşkilatşılığı ilə Gəncə şəhərində "Arıçılığın inkişafına dair Azərbaycan Türkiyə elmi-tədqiqat əməkdaşlığı" toplantısı-II və ARKTN-nin Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının II beynəlxalq konfransı keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərı görə, toplantıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru akademik İbrahim Cəfərov, ARKTN-nin Aqrar Elm Mərkəzinin baş direktoru, professor Rəsul Balayev, Kənd Təsərrüfatı Naziliyinin Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev və bir çox təşkilatların nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçılarını səmimi salamlayan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov öncə Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış, xüsusilə ölkə başçısı tərəfindən fermerlərə ayrılmış vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək sahibkarlara verilməsi, texnikaların ilkin dəyərinin 40 faizinin, gübrələrin 70 faizinin dövlət tərəfindən ödənilməsi, subsidiyaların 25% artırılması, təkrar əkinə görə subsidiyaların verilməsi, subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi barədə geniş məlumat verdi, arıçılığın ən gəlirli və önəmli bir sahə olduğunu nəzərə çatdırdı və konfransın işinə uğurlar dilədi.

Konfransda respublikada arıçılığın mövcud vəziyyəti, perspektiv imkanları, bu sahədə seleksiya damazlıq işinin təşkili, Boz Qafqaz arı cinsinin təmiz damazlıq xəttinin alınması müzakirə olunmuş, bu sahədə Türkiyə təcrübəsindən bəhrələnməyin vacibliyi vurğulanıb.

Toplantıda Türkiyə Cümhuriyyətindən dəvət olunmuş mütəxəssislər: Türkiyə Arı Yetişdiriciləri Mərkəz birliyi Başkanı Bəhri Yılmaz, Hacettəpə Universitetinin Arı və arı məhsullarının tətbiqi və araşdırma mərkəzinin direktoru, professor Kadriyə Sorkun, Ankara Gülhanə Əsgəri Tibb Akademiyasının professoru, apiterapiya üzrə tədqiqatçı Mehmet Tanyüksel, Hacettəpə Universitetinin Arı və arı məhsullarının tətbiqi və araşdırma mərkəzinin apiterapiya üzrə həkim-tədqiqatçısı, dosent Aslı Özkök və digərləri arıçılığın müxtəlif problemlərinə həsr olunmuş elmi mövzularla məruzə etmiş və bu sahədə Azərbaycanla əməkdaşlığa önəm verdiklərini vurğulayıblar.

"Arıçılığın inkişafına dair Azərbaycan Türkiyə elmi-tədqiqat əməkdaşlığı" toplantısı-II və ARKTN-nin Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının II beynəlxalq konfransında AMEA-nın alimləri və Azərbaycan Respublikasının müxtəlif regionlarında yerləşən Elmi Tədqiqat İnstitutlarının rəhbərləri, aparıcı mütəxəssisləri, gənc alimləri, həvəskar arıçıları da iştirak ediblər.

Toplantı və konfransın gedişində Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun Faxralı eksperimental bazasında yeni qurulmuş səyyar arıçılıq laboratoriyasının açılış mərasimi keçirilib, tədbir iştirakçıları laboratoriyada yaradılmış şərait və mövcud potensial ilə yaxından tanış olublar.

Bu konfrans Azərbaycanda arıçılığın inkişafına, arı məhsullarının tədqiqinə və istifadə imkanlarının öyrənilməsinə ciddi töhvə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə